Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev fəaliyyətinə dair səslənən tənqidlərə reaksiya verib.
Gununsesi.info-nun xəbərinə görə, icra başçısı bildirib ki, gördüyü xeyirxah işlərə kölgə salınır:
”Deməli, xeyirxah bir iş görürsən, gözəl bir tədbir keçirirsən, iştirakçılardan biri də səmimi şəkildə bunu paylaşır. Və çox keçmir ki, içində ilan zəhərini gəzdirən biri aidiyyatı oldu ya olmadı, gəlib həmin paylaşımın altına öz zəhərini tökür…
Belə anlarda əsəbiləşmirəm. Əksinə, öz-özümə deyirəm: deməli, istiqaməti düz götürmüşəm. Deməli, yoluma davam etməliyəm.
30 ildən çoxdur ki Heydər Əliyev siyasətini dəstəkləyirəm, insanları görə-görə, xarakterləri tanıya-tanıya gəlirəm. Artıq bilirəm ki, görülən yaxşı iş hamını sevindirmir. Bəzilərini yaxşılıq yox, başqasının yaxşılıq etməsi narahat edir.
Amma bir məsələ var ki, məni ölkəmizdə hələ də belə düşüncə tərzinə sahib insanların olması narahat edir. Çünki məsələ artıq bir paylaşımın altına yazılan xoşagəlməz şərhdən daha böyükdür. Bu, təfəkkür məsələsidir.
Gün kimi aydındır ki, başqasının uğuruna sevinməyi, görülən xeyirxah işə qiymət verməyi, yaxşı olanı dəstəkləməyi bacarmayan insan öz düşüncəsini dəyişmədikcə heç vaxt irəli gedə bilməyəcək. Daim başqasının işində qüsur axtaran insanın öz işini və həyatını qurmağa nə vaxtı qalacaq, nə də enerjisi.
Cəmiyyət də elə insanlardan başlayır. Biz başqasını aşağı çəkməklə yüksəlmirik. Başqasının işinə kölgə salmaqla özümüz işıqlanmırıq. Əksinə, bir-birimizin uğuruna sevinməyi, yaxşı təşəbbüsləri dəstəkləməyi öyrəndikcə həm insan olaraq, həm də cəmiyyət olaraq böyüyürük.
Mən isə yolumu çoxdan seçmişəm. Nə deyilən sözə, nə də atılan daşa görə istiqamətimi dəyişəcəyəm. Çünki bir həqiqəti illər mənə çox yaxşı öyrədib: bar verməyən ağaca daş atan olmur.
Qoy kimisi zəhərini töksün, biz yaxşılığımızı paylaşaq. Kimisi dağıtmağa çalışsın, biz qurmağa davam edək. Kimisi insanların ayağından çəksin, biz insanların əlindən tutaq.
Çünki sonda kimin nə danışdığı yox, kimin nə yaratdığı qalır. Ölkəni də, cəmiyyəti də irəli aparan danışanlar deyil — düşünən, çalışan, yaradan və yaxşılıq edən insanlardır.












