Xəbər verdiyimiz kimi, sentyabrın 11-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) “Qiymətləndirmə” jurnalının ilk sayı ictimaiyyətə təqdim olunub.
Təqdimat mərasimində Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, qiymətləndiricilər, media və ictimai sektorun təmsilçiləri iştirak ediblər.
Gununsesi.info-ya danışan AQC İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, “Qiymətləndirmə” jurnalının ideyası son bir ilin məhsuludur:
“Biz düşündük ki, ölkədə qiymətləndirmə sahəsində mövcud problemləri, elmi yanaşmaları və praktiki həll yollarını özündə ehtiva edən bir jurnala ehtiyac var.
Bu jurnal Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin həm rəhbər heyəti, həm də elmi şurası tərəfindən təsis edilib. Jurnalın ərsəyə gəlməsinə çox böyük zəhmət qoyulub. Burada ölkədə mövcud olan ali təhsil ocaqlarının – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti və digər bu kimi elmi ocaqların nümayəndələri, akademik heyətləri yer alır.
İlk növbədə millət vəkillərindən, ölkədən kənarda olan və bizimlə əməkdaşlıq edən təşkilatların nümayəndələrindən yazılar alırıq. Bu yazılar həm ölkə iqtisadiyyatının problemlərinə, həm də qiymətləndirmə sahəsinə aid olur”.
Vüqar Oruc əlavə edib ki, jurnalın fəaliyyəti bundan sonra da davam edəcək.
“Elmi jurnal olduğuna görə ildə dörd nömrənin nəşr olunması planlaşdırılır. İlk nömrəmiz artıq təqdim edildi. Millət vəkillərinin, rəsmilərin iştirakı, onların təbriklərini və xoş sözlərini eşitmək bizim üçün qürurverici hadisədir.
Düşünürəm ki, jurnal bundan sonra fəaliyyətini daha da genişləndirəcək. Bu baxımdan hesab edirəm ki, növbəti jurnalımız, növbəti nömrəmiz bundan da geniş materiallarla zəngin olacaq.
Bu, Azərbaycanda ilk belə jurnaldır. Biz milli qiymətləndirmə standartlarını təqdim etdik. Bu standartlar normativ əsas olacaq”,-deyə o fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova









