Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 117 ünvanında yaşayan Elşad Süleymanov deyir ki, ev məsələsində ailəsinin etimadından istifadə olunub.
Bununla bağlı Elşad Süleymanov Gununsesi.info-ya müraciət edib.
Elşad Süleymanov bildirib ki, etimadlarından istifadə edilərək onlara məxsus əmlak başqa şəxsin adına rəsmiləşdirilib və sonradan həmin evdən çıxarılmaları tələb olunub.
Onun sözlərinə görə, onlar Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 117 ünvanında yerləşən evi almaq qərarına gəliblər. Lakin Süleymanov Elşad Mirzəli oğlu, həyat yoldaşı Şıxəliyeva Ofeliya Seymur qızı və onun anası Şıxəliyeva Əzimə Vəli qızı onlara evin öz adlarına rəsmiləşdirilməməsini təklif ediblər.
Elşad Süleymanovun sözlərinə görə, həmin şəxslər bunu onun ailəsinin Şuşanın keçmiş sakini olması və orada qeydiyyatda qalması ilə əlaqələndiriblər. Onlara bildirilib ki, Bakı şəhərində mülkiyyətlərində ev olarsa, Şuşada mənzil almaq növbəsində gecikmə yarana bilər.
O deyib ki, həmin şəxslər əvvəlcə mülkiyyətində evi olmayan şəxslərə, daha sonra isə adına mənzil olan şəxslərə mənzil veriləcəyini bildiriblər. Buna görə də alınacaq evin onların öz adlarına deyil, ailəyə yaxın şəxslərdən birinin adına rəsmiləşdirilməsi təklif olunub.
Elşad Süleymanov qeyd edib ki, aralarında etibarlı münasibətlər olduğundan bu təklifə etiraz etməyiblər və nəticədə qaynanası Şıxəliyeva Əzimə Vəli qızının adına alınıb. Bundan sonra ailə uzun müddət həmin evdə yaşayıb:
“Sonradan həyat yoldaşımla münasibətlərimiz pozuldu və ayrılmaq qərarına gəldik. Bundan sonra qaynanam Şıxəliyeva Əzimə Vəli qızı və həyat yoldaşım Şıxəliyeva Ofeliya Seymur qızı bizdən tələb etdilər ki, evi tərk edək.
Hadisələrin sonrakı gedişindən sonra belə qənaətə gəldik ki, evin Şıxəliyeva Əzimə Vəli qızının adına rəsmiləşdirilməsinin əvvəlcədən düşünülmüş plan olub. O, etimadlarımızdan sui istifadə edib. Bunun adı dələduzluqdur. Bu cinayətdir. Biz bu məsələyə etiraz edirik. Əlimdə en qədər sübutlar, faktlar var”.

Elşad Süleymanov əlavə edib ki, həmin şəxslər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək əllərində olan çıxarış əsasında evin onlara məxsus olduğunu bildiriblər və ailənin həmin evdən çıxarılmasını tələb ediblər.
O bildirib ki, məsələyə hüquqi qiymət verilməsi, qanunvericiliyə uyğun tədbir görülməsi və əmlakının ailəsinə qaytarılması məqsədilə 10 oktyabr 2025-ci il tarixində Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.
Elşad Süleymanovun sözlərinə görə, müraciəti araşdırılması üçün 21-ci Polis Bölməsinə, daha sonra isə sahə müvəkkilinə göndərilib. Bundan sonra məsələ ilə bağlı araşdırma aparılmağa başlanılıb.
Həmin müraciəti təqdim edirik:
@gununsesi.info
Şəbnəm Rəhimova












