44 günlük Vətən müharibəsi iştirakçısı Məmmədov Ülfət Müzəffər oğlunun veteranlıq məsələsi ilə bağlı narahatlıq doğuran vəziyyət yaranıb.
Belə ki, onun sənədləri ilə bağlı qərarın verilməsi iki ildən artıqdır yubadılır.
Məsələ ilə bağlı Məmmədov Ülfət Müzəffər oğlunun yaxınları Gununsesi.info -ya müracit edib:
“Mənim kürəkənim Məmmədov Ülfət Müzəffər oğlu 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatlarında rabitə təminatı üzrə tapşırıqları yerinə yetirib.
Amma Ülfət xəstə ananın tək oğlu, arxasız olduğu üçün 3 ilə yaxın müddətdə onun sənədləri Veteranlıq Komissiyasına təqdim olunmayıb.
Nəhayət, cənab Ali Baş Komandana etdiyim müraciətdən sonra sənədlər 2024-cü ilin iyul ayında Veteranlıq Komissiyasına təqdim olunub. Komissiyanın iclaslarında sənədlərə baxılıb. Komissiyanın tərkibi bir neçə dəfə dəyişsə də, sənədlərə müsbət rəy verilib və razılaşdırmaq üçün Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilib.
Lakin 2 il ərzində, yəni 2024-2025-ci illərdə sənədlər Nazirlər Kabinetinə göndərilməyib.
Bu süründürməçiliklə bağlı dəfələrlə cənab Prezidentə, Milli Məclisə, Ombudsmana, Mehriban xanıma, Müdafiə Nazirliyinə və digər dövlət qurumlarına müraciətlər etmişəm. Hər dəfə mənə Veteranlıq Komissiyası tərəfindən eyni məzmunlu, şablon cavab məktubları göndərilib. Həmin məktublarda “sənədlərə baxılmış, müsbət rəy verilmiş, razılaşdırmaq üçün Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmişdir” ifadələri qeyd olunub. Lakin buna baxmayaraq, sənədlər yenə də Nazirlər Kabinetinə göndərilməyib.
Nəhayət, çoxsaylı müraciətlərimdən sonra, sanki bizdən qisas alınırmış kimi, 22.07.2026-cı il tarixində Komissiyanın katibi Səbuhi Məmmədovun imzası ilə mənə cavab məktubu göndərilib. Məktubda 7 dəfə müsbət rəy verilməsinə baxmayaraq, bu dəfə “sənədlərə baxılmış, Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun sayılmamışdır” məzmunlu cavab verilib.
Bu qanunsuzluğu ifşa edəcək sənədlər, o cümlədən Komissiyanın sədri və katibləri tərəfindən bu 2 il ərzində imzalanmış müsbət rəy məktubları, həmçinin 213 nömrəli hərbi hissənin komandirinin möhürü və imzası ilə təsdiq olunmuş arayış-məlumat məndə var.
Sadladığım bu faktları bir qədər də əhatəli şəkildə Sizə təqdim edirəm və çox xahiş edirəm ki, bu qanunsuzluqlar tərəfinizdən ictimailəşdirilsin”.
Şəbnəm Rəhimova











