Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) xaric edilən tələbə Kənan Zindadilin hərbi xidmətə çağırış məsələsinə aydınlıq gətirilib.
Gununsesi.info xəbər portalının sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsindən bildirilib ki, qanunvericiliyə görə ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay ərzində ali təhsil müəssisələrinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər.
Qeyd olunub ki, həmin şəxslər ümumi əsaslarla hərbi xidmətə çağırışa cəlb olunurlar.
Beləliklə, Kənan Zindadil 6 ay ərzində ali təhsil müəssisəsinə bərpa olunmayıbsa, möhlət hüququnu itirərək ümumi əsaslarla hərbi xidmətə çağırışa cəlb olunacaq.
Məlumat üçün bildirək ki, oktyabr çağırışına cəlb olunma məsələsi şəxsin çağırış statusundan və qanunvericiliyin tələblərindən asılıdır.
Vüsal Artyom












