Yeni Günəşli, Qaraçuxur, Suraxanı yolunun bağlanması narazılıq yaradıb

  • Müəllif: Orxan
  • 25 Sentyabr 2026 12:57

Yeni Günəşli, Qaraçuxur və Suraxanı ərazilərini Babək prospekti ilə birləşdirən yolda aparılan asfalt işləri səbəbindən nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ictimai fəal Haldun Novruzzadə məlumat verib.

O bildirib ki, sözügedən yol ötən gecədən etibarən bağlanıb və təxminən 300 metrlik hissədə asfalt örtüyünün yenilənməsi aparılır.

“300 metrlik asfaltı 16 saatdır çəkə bilmirlər, hələ köhnə asfalt da qaşınmışdı”, – deyə Novruzzadə qeyd edib.

Onun sözlərinə görə, yolun bağlanması nəticəsində ərazidə nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb və sürücülər ciddi çətinliklərlə üzləşiblər.

Haldun Novruzzadə fikirlərində aparılan işlərin müddətini tənqid edib və Çində infrastruktur layihələrinin daha qısa müddətdə həyata keçirildiyini nümunə göstərib.

O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) fəaliyyətinə də sərt münasibət bildirib:

“Ermənistanın Azərbaycanla düşmənçiliyi qurtaracaq, amma AAYDA-nın azərbaycanlılarla düşmənçiliyi bitməyəcək”.

Qeyd edək ki, paylaşımda yolun nə üçün bu qədər müddətə bağlı saxlanıldığı, işlərin konkret hansı tarixdə başa çatdırılacağı və yaranmış nəqliyyat sıxlığının aradan qaldırılması üçün hansı tədbirlərin görüldüyü barədə rəsmi açıqlama yer almayıb.

Elmar

Gununsesi.info