Yalnız bu ixtisasları bitirənlər Miqrasiya Xidmətinə qəbul oluna biləcək – TƏLƏBLƏR

  • Müəllif: Şəbnəm
  • 25 Sentyabr 2026 15:08

Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrə qəbul zamanı namizədlər üçün konkret ixtisas və iş stajı tələbləri müəyyənləşdirilib.

Gununsesi.info xəbər verir ki, hüquq və idarəetmə istiqamətində olan vəzifələr üzrə namizədlər hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, politologiya və regionşünaslıq ixtisasları üzrə ali təhsilə malik olmalıdırlar.

Bu vəzifələr üzrə dövlət orqanında azı 2 il iş stajı tələb olunur. Namizədlərdən həmçinin Microsoft Windows və Microsoft Office proqramları üzrə orta-yüksək səviyyədə kompüter bilikləri, rus və ingilis dillərindən orta-yüksək səviyyədə bilik tələb edilir.

İnformasiya texnologiyaları istiqamətində olan vəzifələr üzrə isə namizədlər informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahələr üzrə ali təhsilə malik olmalıdırlar.

İnformasiya təhlükəsizliyi mütəxəssisi vəzifəsi üzrə isə ən azı 3 il müvafiq iş stajı tələb olunur.

Bununla yanaşı, müəyyən kateqoriyaya aid şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilərək yalnız söhbət mərhələsinə cəlb olunurlar.

Test mərhələsindən azad edilənlərə prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər, digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər, eləcə də texnika və informasiya texnologiyaları sahələrində yüksək biliyə və təcrübəyə malik mütəxəssislər daxildir.

Beləliklə, Miqrasiya Xidmətində vakant vəzifələr üzrə qəbul zamanı namizədin təhsil aldığı ixtisas, iş stajı, kompüter və xarici dil bilikləri əsas meyarlar sırasında yer alır.

 

Vüsal Artyom 

Gununsesi.info