“Vahid məktəbli forması sosial fərqlərin azalmasına kömək edə bilər”

AMEA A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun beynəlxalq şöbəsinin müdiri, professor Tofiq Mustafazadə vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib.

O, Gununsesi.info-ya açıqlamasında məktəblərin yalnız bilik verilən yer olmadığını, həm də uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm ictimai qurum olduğunu deyib.

“Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Bu, yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial uyğunlaşma məsələsidir.

Təhsil verənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır. Təhsil alanlar üçün vahid forma, təhsil verənlər üçün isə işgüzar geyim üslubu həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesinə daha ciddi yanaşmasını təşviq edir. Bu, məktəbdaxili münasibətlərə və müəllimlərin valideynlər və şagirdlər tərəfindən qəbul edilməsinə müsbət təsir göstərir. Geyimin qiymətinə, dəbə uyğunluğuna və dəyişdirilmə tezliyinə həddindən artıq marağı azaldır”,-deyə professor əlavə edib.

 

 

Şəbnəm

Gununsesi.info