Xəbər verdiyimiz kimi, Türkiyəli jurnalist Murad Ağırel yenidən həbs olunub. Fondla bağlı istintaq çərçivəsində barəsində ev dustaqlığı qərarı verilən jurnalistə qarşı hazırda “əmlak dəyərlərinin leqallaşdırılması” ittihamı irəli sürülür.
Gununsesi.info xəbər verir ki, araşdırma çərçivəsində şirkətlər vasitəsilə mənbəyi bəlli olmayan pul vəsaitlərinin yuyulması ilə bağlı iddialar araşdırılır.
Jurnalistin həbsindən sonra Türkiyədə sosial şəbəkə tanınmışlarının paylaşımları diqqət çəkib. Belə ki, bəzi tanınmış fenomenler jurnalistin həbs xəbərini paylaşaraq ona ünvanlanan fikirlər səsləndiriblər.
Onların arasında türkiyəli fenomen Dilan Polat da olub. O, sosial şəbəkə hesabında ad çəkmədən “İlahi ədalət, karma… Hər şey dolanıb-dolaşıb geri qayıdır” sözlərini yazıb. Paylaşımda, həmçinin “Heç kimin qəlbini qırmayın, mənim qəlbimi isə heç vaxt qırmayın” ifadələri yer alıb.
Dilan Polatın bu paylaşımı Murad Ağırelin həbsindən sonra gündəmə gəlib. Qeyd edək ki, jurnalistlə Polat ailəsi arasında əvvəllər də qarşıdurma yaşanıb. Ağırel Dilan Polat və həyat yoldaşı Engin Polatla bağlı maliyyə pozuntuları iddialarını araşdıran və bu mövzuda açıqlamalar verən jurnalistlərdən biri olub.
Polatın son paylaşımı da tərəflər arasında keçmişdə yaşanan mübahisələrlə əlaqələndirilib.
Xatırladaq ki, Dilan Polat və həyat yoldaşı Engin Polat 2023-cü ilin noyabrında çirkli pulların yuyulması və vergidən yayınma da daxil olmaqla bir sıra ittihamlarla bağlı aparılan istintaq çərçivəsində həbs olunublar.
2024-cü ilin sentyabrında isə onlar məhkəmənin qərarı ilə azadlığa buraxılıblar.
Şəbnəm Rəhimova












