Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər əvvəl yaşadığı hadisələri açıqladı

  • Müəllif: Orxan
  • 28 Oktyabr 2026 13:20

Jurnalist Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı xatirələrini bölüşərək 1999–2000-ci illərdə üzləşdiyi təzyiqlərdən, 2005-ci il parlament seçkiləri zamanı yaşadığı hadisələrdən və uzun illər davam etdiyini bildirdiyi maneələrdən danışıb.

Gununsesi.info-nun xəbərinə görə, o, açıqlamasında illər əvvəl rəhbərlik etdiyi qəzetin bağlanmasına cəhd göstərildiyini, müxtəlif təkliflərlə qarşılaşdığını və jurnalist fəaliyyətinə görə təzyiqlərə məruz qaldığını iddia edib.

Jurnalistin sözlərinə görə, onun Ramiz Mehdiyevlə ilk ciddi qarşıdurması 1999–2000-ci illərdə baş verib.

Həmin vaxt rəhbərlik etdiyi qəzetdə dərc olunan müsahibəyə görə ondan materialın uydurma olduğunu bildirməsi tələb edilib. Hidayətqızı bu tələblə razılaşmadığını, daha sonra ona qəzetin bağlanması müqabilində yeni qəzet açılması, kompüterlər və 20 min dollar təklif olunduğunu bildirib.

O qeyd edib ki, təklifləri qəbul etməyib və qəzetin müdafiəsi üçün hüquqi mübarizə aparıb. Hidayətqızı həmin prosesdə Ümummilli lider Heydər Əliyevin və o vaxtkı milli təhlükəsizlik naziri Namiq Abbasovun rolunu da vurğulayıb.

Xoşqədəm Hidayətqızı 2005-ci ildə mətbuatın inkişafındakı xidmətlərinə görə Tərəqqi medalı ilə təltif olunması məsələsinə də toxunub.

Onun iddiasına görə, Ramiz Mehdiyev mükafatlandırılmasına mane olmağa çalışıb və adının siyahıdan çıxarılmasına nail olub.

Jurnalist bildirib ki, Gülüstan sarayında keçirilən tədbirdə adının səsləndiriləcəyini gözləmədiyi halda ətrafındakı insanların diqqətini hiss edib. Daha sonra ona məlum olub ki, Prezident İlham Əliyev adının siyahıya şəxsən daxil edilməsini istəyib.

Hidayətqızı bunu həyatında qazandığı növbəti qələbə kimi dəyərləndirib.

Jurnalist 2005-ci ildə 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdüyünü və seçki kampaniyası zamanı rayonun kəndlərini gəzərək seçicilərlə görüşdüyünü bildirib.

Onun sözlərinə görə, həmin vaxt Ağdamın icra başçısı olan Həsən Sarıyev ondan namizədliyini geri götürməyi və başqa seçki dairəsinə keçməyi istəyib. Hidayətqızı iddia edir ki, Sarıyev bu tələbin Ramiz Mehdiyevin istəyindən qaynaqlandığını bildirib və həmin dairədə Bəxtiyar Sadıqovun seçilməsinin arzulandığını deyib.

Jurnalist isə qərarı seçicilərin verməli olduğunu söyləyərək təkliflə razılaşmadığını vurğulayıb.

Hidayətqızı seçki kampaniyası zamanı Qaradağlı, Sarıcalı və Əfətli kəndlərinə getməsinə maneələr yaradıldığını, həmçinin haqqında müxtəlif şayiələr və böhtanlar yayıldığını iddia edib. O, hətta avtomobil qəzasına salınması üçün plan qurulduğu barədə məlumat aldığını və marşrutunu dəyişməklə təhlükədən yayındığını yazıb.

Xoşqədəm Hidayətqızı eyni zamanda bildirib ki, səsverməyə bir gün qalmış Apellyasiya Məhkəməsinə çağırılıb.

Onun sözlərinə görə, məhkəmə zalında seçki prosesinə aid olduğunu düşündüyü hadisələrlə qarşılaşıb və qərarın əvvəlcədən verildiyi qənaətinə gəlib.

Jurnalist daha sonra İctimai Televiziyada çıxış edərək problemlərini beynəlxalq qurumlara deyil, inandığı və dəstəklədiyi Prezidentə çatdıracağını bəyan etdiyini qeyd edib.

Hidayətqızının fikrincə, bu çıxış onun barəsində fərqli siyasi mövqedə olması görüntüsü yaratmaq istəyənlərin planını pozub.

O, həmin seçkidən sonra dövlət tədbirlərinə və media ilə bağlı toplantılara dəvət almadığını, bu vəziyyətin sonrakı illərdə də davam etdiyini iddia edib.

Jurnalist açıqlamasının sonunda Ramiz Mehdiyevlə bağlı münasibətini ümumiləşdirərək bildirib ki, uzun illər onun vəzifədən gedəcəyi və həqiqətlərin üzə çıxacağı günü gözləyib.

Hidayətqızı qeyd edib ki, onun heç bir vəzifə və sərvət iddiası olmayıb, əsas məqsədi Vətəninə və dövlətinə xidmət etmək olub.

O, fikirlərində insanlara müraciət edərək vəzifəsinə və imkanlarına güvənib başqalarının haqqını tapdalayanların bir gün öz əməllərinin nəticələri ilə üzləşə biləcəyini vurğulayıb.

“Çalışın, haqqınızda yaxşı danışsınlar, haqqınızda yaxşı yazılar yazılsın. Çünki insanın arxasında qoyduğu ən böyük sərvət onun təmiz adıdır. Bu da hər kəsə nəsib olmur!” – deyə Xoşqədəm Hidayətqızı deyib.

Qeyd edək ki, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiyev Ramiz Ənvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınmışdır.

Eləcə də, həmin hökmlə Mehdiyev Ramiz Ənvər oğlunun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınmışdır.

Həmçinin hökmə əsasən, Mehdiyev Ramiz Ənvər oğlunun əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilmişdir.

Elmar

Gununsesi.info