Cinayət işləri neçə ildən sonra bağlana bilər? – Hüquqşünasdan AÇIQLAMA

  • Müəllif: Firuzə
  • 03 Noyabr 2026 09:52

Bir çox insan düşünür ki, törədilən cinayətlərin üzərindən müəyyən müddət keçdikdən sonra həmin cinayət işlərinə xitam verilir.

Bəs görəsən, bu, doğrudan da belədirmi?

Bu barədə Gununesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, Azərbaycan qanunvericiliyində cinayət törədildikdən sonra müəyyən müddətin keçməsi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur:

“Cəmiyyətdə tez-tez müzakirə olunan “cinayətin üstündən 20-30 il keçibsə, həmin iş bağlanmalıdır” fikri isə müəyyən hüquqi əsaslara malik olsa da, bütün cinayətlərə şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində cinayət məsuliyyətinə cəlbetmə müddətləri müəyyən edilib. Belə ki, qanunvericiliyə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 2 il, az ağır cinayətlər üzrə 7 il, ağır cinayətlər üzrə 12 il, xüsusilə ağır cinayətlər üzrə isə 20 il müddət nəzərdə tutulur”,- deyə o, həmçinin qeyd edib.

Hüquqşünas eyni zamanda deyib:

“Həmin müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi tarixədək hesablanır. Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin istintaqdan və məhkəmədən gizlənməsi müddətin axımının dayandırılmasına səbəb ola bilər. Həmçinin qanunvericilikdə müddətin keçməsi ilə cinayət məsuliyyətindən azad edilmənin tətbiq olunmadığı cinayətlər də mövcuddur. Digər tərəfdən, cinayət törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən şəxsin vəfat etməsi ayrıca hüquqi əsasdır. Cinayət-Prosessual Məcəllənin 39.1.5-ci maddəsinə əsasən, bu halda, qanunda nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, cinayət təqibinə xitam verilə bilər. Beləliklə, cinayət işinin üstündən uzun illər keçməsi onun avtomatik bağlanması demək deyil. Hər bir işdə cinayətin kateqoriyası, müddətin hesablanması, müddətin dayandırılması halları və qanunvericilikdə nəzərdə tutulan istisnalar ayrıca qiymətləndirilməlidir”.

Orxan
Gununesi.info