Mobil telefonlar POS-terminal kimi istifadə oluna biləcək

  • Müəllif: Orxan
  • 03 Noyabr 2026 13:27

Mobil telefonlar POS-terminal kimi istifadə oluna biləcək.

Gununsesi.info xəbər verir ki, bu, “Elektron ticarət haqqında” Qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, POS-terminal anlayışı genişləndirilir. Belə ki, nağdsız ödənişlərin, o cümlədən təmassız ödənişlərin aparılması və nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulan avadanlıqla yanaşı, müvafiq proqram təminatı ilə təchiz edilmiş mobil cihazlar da POS-terminal hesab ediləcək.

Dəyişikliklərə əsasən, elektron ticarət münasibətlərində texnoloji neytrallıq prinsipi də tətbiq olunacaq. Bu prinsip hər hansı texnologiyanın üstün tutulmamasını, onun tətbiqinə məhdudiyyət qoyulmamasını və müxtəlif texnoloji həllərin bərabər qəbul edilməsini nəzərdə tutur.

Bundan başqa, elektron ticarət zamanı malların, işlərin və xidmətlərin dəyərinin ödənilməsi üçün istifadə olunan üsullar barədə məlumatların təqdim edilməsi tələb olunacaq. Bu məlumatlara POS-terminal, elektron pul kisəsi və digər vasitələrlə həyata keçirilən nağdsız ödənişlər də daxil ediləcək.

Layihədə elektron ticarət çərçivəsində malların, işlərin və xidmətlərin dəyərinin nağdsız ödənilməsinin ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilməsi də nəzərdə tutulur.

Həmçinin elektron ticarət zamanı müqavilənin təsdiqlənməsi ilə bağlı qaydalara dəyişiklik edilir. Belə ki, yazılı təsdiq forması elektron sənəd formasında təsdiqlənmə ilə əvəz olunur.

Qanun dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minəcək.

Qanun layihəsi  səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Gununsesi.info