“ABŞ–İran arasında hazırda hərbi-siyasi böhran son dərəcə gərgin mərhələdədir. İstənilən an ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması ehtimalı müzakirə olunur. Xüsusilə İranın Natanz və Fordo nüvə obyektləri ilə bağlı mümkün hərbi ssenarilər gündəmdədir. Bu kontekstdə nüvə obyektlərinə qarşı daha dağıdıcı zərbələrin endirilməsi ehtimalı da istisna edilmir. Lakin taktiki nüvə silahından istifadə ilə bağlı konkret planın mövcudluğu təsdiqlənmiş fakt deyil”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib:

“İsrailin Baş naziri Benyamin Netanyahunun Donald Tramp administrasiyasına İrana qarşı daha sərt hərbi mövqe tutması üçün təzyiq göstərdiyi barədə siyasi müzakirələr mövcuddur. Bununla belə, hesab edirəm ki, hazırkı şəraitdə Vaşinqton üçün hərbi eskalasiyadan daha çox diplomatik imkanların qorunması vacibdir.
Digər tərəfdən, İranın ali rəhbərliyinin tapşırığı ilə prezident Məsud Pezeşkian və hökumətinə ABŞ-la danışıqlar istiqamətində yenidən diplomatik fəaliyyət göstərmək imkanı verilməsi Tehranın müəyyən mənada danışıqlara üstünlük verməyə başladığını göstərir. Əvvəlki mərhələdə danışıqlar prosesində yaranmış fasilədən sonra diplomatik kanalın yenidən aktivləşdirilməsi mühüm siyasi mesajdır.
Eyni zamanda, İran ərazisinə nüvə zərbəsi endirilməsi ehtimalı region və bütövlükdə dünya üçün son dərəcə ağır nəticələr doğura bilər. Belə bir ssenaridə İranın İsrailin strateji və nüvə infrastrukturu ilə bağlı obyektlərinə cavab zərbələri endirməsi ehtimalı da mövcuddur. Bu isə İsrail ərazisində radiasiya təhlükəsi və genişmiqyaslı humanitar fəsadlar yarada bilər”.
O qeyd edib ki, müharibə genişlənəcəyi təqdirdə İranın regiondakı rəqəmsal infrastruktura, məlumat mərkəzlərinə və kommunikasiya sistemlərinə qarşı təhdidləri də beynəlxalq təhlükəsizlik baxımından ciddi narahatlıq doğura bilər:
“Belə hücumlar internet və kommunikasiya xidmətlərində regional miqyasda ciddi fasilələr yarada, beynəlxalq informasiya sistemlərinə də təsir göstərə bilər.
Hesab edirəm ki, ABŞ–İran qarşıdurmasının genişmiqyaslı müharibəyə çevrilməsi Yaxın Şərqdə daha böyük beynəlxalq böhranın başlanğıcı ola bilər. Hətta böyük dövlətlərin prosesə cəlb olunması ilə bu qarşıdurma qlobal təhlükəsizlik sisteminə ciddi zərbə vura bilər. Nüvə silahından istifadə ehtimalı isə vəziyyəti daha təhlükəli mərhələyə daşıyar. Ona görə də bütün tərəflər maksimum təmkin nümayiş etdirməli və hərbi eskalasiyanın qarşısını almalıdırlar.
ABŞ administrasiyasında vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşner kimi şəxslərin diplomatik həll imkanlarına üstünlük verməsi Vaşinqton daxilində də hərbi müdaxiləyə münasibətdə vahid mövqenin olmadığını göstərir. ABŞ üçün İrana qarşı yeni müharibəyə başlamaq ciddi siyasi, iqtisadi və hərbi risklər yarada bilər.
Digər tərəfdən, Netanyahu hökumətinin daxili siyasi vəziyyəti və hakimiyyətdə qalmaq maraqları da İsrailin regional siyasətinə təsir edən amillərdəndir. Mənim qənaətimə görə, İsrailin İranla qarşıdurmanı daha da dərinləşdirməsi ABŞ-ı arzuolunmaz müharibəyə cəlb etmək riski daşıyır.
Əgər Tramp administrasiyası hərbi əməliyyatlara başlamaq qərarı verərsə, İsrail də ciddi təhlükələrlə üzləşəcək. Çünki İranın genişmiqyaslı raket cavabı İsrailin təhlükəsizliyi üçün ağır nəticələr yarada bilər. Beləliklə, hərbi eskalasiyanın heç bir tərəfə asan qələbə vəd etmədiyi aydındır.
Bu baxımdan, hazırkı mərhələdə diplomatiyanın davam etdirilməsi, qarşılıqlı təhdidlərin azaldılması və hərbi toqquşmanın qarşısının alınması həm regionun, həm də beynəlxalq təhlükəsizliyin maraqlarına uyğundur”.
Şəbnəm Rəhimova












