Əli Kərimli və müavininin ilk məhkəmə iclası keçirildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsi başlayıb.

Gununesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.

Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

İlkin dinləmələr zamanı müdafiə tərəfinin vəsatətləri müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. İbtidai istintaq dövründə qanun pozuntularına yol verilmədiyindən və cinayət işinə baxılması üçün düzgün məhkəmə seçildiyindən iş üzrə məhkəmə baxışına verilib.

Əsas iclas gələn həftəyə təyin edilib.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. Onlar Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar. Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.

***

09:56

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə bu gün məhkəmə prosesi başlanacaq.

Gununesi.info Teleqraf-a istinadla xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Vüqar Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılacaq.

Qeyd edək ki, Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.

İstintaq orqanı yaxın günlərdə topladığı dəlil və sübutları ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcək.

Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.

Ə.Kərimli və M.İbrahim ötən il Prezidnent Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada Ramiz Mehdiyevin barəsində hökm elan edilib.

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib.

Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.

Həmçinin hökmdə qeyd olunub ki, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Bundan başqa, Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.