ABŞ-da aralıq seçkilər: Konqresdə çoxluğun taleyi müəyyənləşir

  • Müəllif: Firuzə
  • 03 Noyabr 2026 19:37

ABŞ-da noyabrın 3-də Konqresə aralıq seçkilər keçirilir. Seçicilər Nümayəndələr Palatasının bütün 435 üzvünü, həmçinin Senatın 35 üzvünü müəyyənləşdirəcəklər.

Gununesi.info xəbər verir ki, “Current Time” nəşrinin yazdığına görə, hazırda Konqresin hər iki palatasına Prezident Donald Trampın Respublikaçılar Partiyası nəzarət edir.
Son sorğulara əsasən, demokratlar Nümayəndələr Palatası uğrunda mübarizədə ümummilli göstəricidə öndədirlər. Senatda isə nəticənin Miçiqan, Ayova, Alyaska, Şimali Karolina, Ohayo və Texas kimi ştatlardakı mübarizədən asılı olacağı gözlənilir.
Bu seçkilər Donald Trampın ikinci prezidentlik dövrünün ilk iki ili ilə bağlı ölkə miqyasında ilk böyük siyasi sınaq hesab olunur.
Seçkilərin nəticələri Konqresə nəzarətin hansı partiyada qalacağını müəyyən edəcək. Demokratların Nümayəndələr Palatasında çoxluğu əldə etməsi Tramp administrasiyasının qanunvericilik gündəliyini çətinləşdirə bilər. Senatda nəticə isə əsas təyinatlara və qanunların qəbuluna təsir göstərə bilər.
Donald Tramp seçki kampaniyasında fəal iştirak edir və tərəfdarlarını respublikaçı namizədlərə səs verməyə çağırır. O, respublikaçıların səsvermədə elə iştirak etməli olduqlarını bildirib ki, sanki onun adı da seçki bülletenində yer alır.
Seçki kampaniyasının əsas mövzuları arasında yaşayış xərcləri, yanacağın qiyməti, İranla müharibə, miqrasiya və iqtisadiyyat yer alır.
Demokratlar Tramp administrasiyasını İranla müharibəyə görə tənqid edir. Partiyanın bir hissəsi İsrailə hərbi dəstəyin dayandırılmasını tələb edir. Bəzi demokrat siyasətçilər isə administrasiyanı demokratik institutları zəiflətməkdə və avtoritar meyllərdə ittiham edirlər.
Respublikaçılar isə iqtisadi göstəriciləri, qeyri-qanuni miqrasiya ilə mübarizəni və ABŞ-ın xarici siyasətdə mövqelərinin gücləndirilməsini önə çəkirlər.
Qeyd edək ki, respublikaçıların əsas maliyyə dəstəkçilərindən biri Elon Maskdır. Onun strukturlarının bu seçki dövründə respublikaçı namizədlərə və siyasi qruplara 445 milyon dollardan çox vəsait ayırdığı bildirilir.

Gununesi.info