Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzvlük üçün 2027 və ya 2028-ci ildə rəsmi müraciət etməsinin real olduğunu bildirib.
Gununesi.info xəbər verir ki, Paşinyan bunu “Euronews”un Aİ-nin genişlənməsi sammitində deyib.
“Gələn il və 2028-ci il real ola bilər. Biz Avropa İttifaqına tamhüquqlu üzvlük üçün rəsmi müraciətin təqdim edilməsinə gətirib çıxaracaq prosesə başlamışıq”, – Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı Aİ-yə üzvlüyü demokratiyanın qorunması baxımından strateji seçim adlandırıb və ermənilərin ölkənin gələcək istiqamətini müəyyən etməli olduğunu qeyd edib.
Qeyd edək ki, İrəvan hələ Aİ-yə rəsmi üzvlük müraciəti təqdim etməyib. Ermənistan hazırda Avropa Komissiyası ilə viza liberallaşdırılması üzrə dialoq aparır və bu prosesin 2029-cu ilədək başa çatdırılması nəzərdə tutulur.












