Həmid Herisçi: “Məğlubiyyətimiz haqda roman yazmadan Zəfərdən yazmaq çətindir”

  • Müəllif: Firuzə
  • 03 Noyabr 2026 21:32

Yazıçı-şair Həmid Herisçi Azərbaycan ədəbiyyatında müharibə mövzusunun işlənməsi, Qarabağ müharibəsi və Zəfər tarixinin bədii ədəbiyyatda əks olunması ilə bağlı tənqidi fikirlər səsləndirib.

Gununesi.info-nun xəbərinə görə, Həmid Herisçi hesab edir ki, Azərbaycan yazıçıları əvvəlcə məğlubiyyətin ağrısını, Qarabağ faciəsini və müharibənin insan talelərində yaratdığı izləri əhatə edən əsərlər yazmalı idilər.

Onun fikrincə, məğlubiyyət mövzusu bəlkə də Zəfər mövzusundan daha çox ədəbi diqqətə ehtiyac duyur.

Yazıçı müharibə haqqında böyük romanlar yazan Ernest Heminquey, Lev Tolstoy və Riçard Oldinqton kimi müəlliflərin təcrübəsini xatırladaraq bildirib ki, onlar bədii əsərlərini qələmə almamışdan əvvəl müharibəni birbaşa müşahidə edib, jurnalist və ya döyüş iştirakçısı kimi onun reallıqları ilə üzləşiblər.

Herisçi Lev Tolstoyun “Sevastopol hekayələri” və “Qafqaz əsiri”, Heminqueyin isə jurnalistlik təcrübəsindən sonra yazdığı “Əlvida, silah” əsərini nümunə göstərib.

O, 44 günlük Vətən müharibəsi zamanı jurnalistlərin cəbhəyə buraxılmamasını Azərbaycan ədəbiyyatı və jurnalistikası üçün ciddi itki kimi qiymətləndirib.

Yazıçının fikrincə, jurnalistlərin döyüş bölgələrinə çıxışının məhdudlaşdırılması müharibənin canlı şahidlərinin gələcək ədəbi prosesdə iştirak imkanlarını zəiflədib.

Həmid Herisçi bu kontekstdə Çingiz Mustafayevin Xocalı faciəsini öz təşəbbüsü ilə lentə almasını xatırladaraq qeyd edib ki, həmin görüntülər Qarabağ faciəsinin cəmiyyət tərəfindən daha dərindən dərk edilməsində mühüm rol oynayıb.

Yazıçı həmçinin müharibə mövzusunda ictimaiyyətə təqdim olunan informasiya və təbliğat materiallarını tənqid edib.

O, fikirlərində “meydanın və mikrofonun Fulda xanıma verildiyini” bildirərək, belə yanaşmanın gözlənilən nəticəni vermədiyini vurğulayıb.

Elmar
Gununesi.info