Demokratlar Senatda üstünlüyü ələ keçirdi - Trampın partiyası ciddi zərbə aldı

  • Müəllif: admin
  • 04 Noyabr 2026 09:01

 

ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərin ilkin nəticələri ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olub.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, Demokratlar Partiyası Senatda Respublikaçılar üzərində qələbə qazanaraq palatada nəzarəti ələ keçirib. Bu nəticə prezident Donald Trampın administrasiyası və Respublikaçılar Partiyası üçün ciddi siyasi zərbə kimi qiymətləndirilir.

Seçkilərdə Demokratların bir sıra ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi ştatlarda qələbə qazanması xüsusi diqqət çəkib. Texas, Cənubi Karolina, Ayova və Kanzasda respublikaçıların mövqelərinin zəifləməsi seçkilərin əsas siyasi nəticələrindən biri olub.

Nümayəndələr Palatasına seçkilərdə də Demokratların mövqeləri güclənib. İlkin hesablamalara görə, partiya bir sıra dairələrdə respublikaçı rəqiblərini üstələyib. Bununla belə, palatada yekun çoxluğun hansı partiyaya məxsus olacağı ilə bağlı səslərin hesablanması davam edir.

Xüsusilə Texasda Demokrat namizəd Ceyms Talarikonun respublikaçı Ken Pakstona, Corciyada isə Demokrat Con Ossofun respublikaçı Mayk Kollinsə qalib gəlməsi seçkilərin diqqətçəkən nəticələri sırasındadır.

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər prezident seçkilərindən iki il sonra keçirilir. Bu seçkilərdə Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvü, Senatın isə 35 üzvü uğrunda mübarizə aparılır. Eyni zamanda, ölkənin bir sıra ştatlarında qubernatorlar da seçilir.

Siyasi müşahidəçilər Demokratların Senatda nəzarəti ələ keçirməsini Trampın prezidentlik müddətinin qalan hissəsində onun siyasi gündəliyinin həyata keçirilməsini çətinləşdirəcək mühüm amil hesab edirlər.

Beləliklə, 2026-cı ilin aralıq seçkiləri ABŞ-da siyasi qüvvələr nisbətinin dəyişdiyini və Tramp administrasiyasının Konqresdə daha ciddi müxalifətlə üzləşəcəyini göstərir.

Afət Abbasova

Gununsesi.info