Nailə İslamzadə Prezident İlham Əliyevə təşəkkür edib

  • Müəllif: Orxan
  • 05 Noyabr 2026 18:29

Azərbaycanın tanınmış televiziya aparıcısı, Əməkdar artist Nailə İslamzadə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmasına görə Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziyasının 70 illik yubileyi münasibətilə, media sahəsinin inkişafında xidmətlərinə görə televiziya aparıcısı, Əməkdar artist Nailə İslamzadə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Nailə İslamzadə bu yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Məktubunda göstərilən diqqət və etimada görə dövlət başçısına dərin minnətdarlığını bildirən Nailə İslamzadə bu təltifin onun üçün yalnız uzun illər ərzində gördüyü əməyə verilən qiymət deyil, həm də böyük məsuliyyət və etimadın ifadəsi olduğunu vurğulayıb.

Əməkdar artist qeyd edib ki, Zəfər Bayramı ərəfəsində Müzəffər Ali Baş Komandan tərəfindən belə bir yüksək mükafata layiq görülmək onun üçün xüsusi mənəvi əhəmiyyət daşıyır və həyatının unudulmaz hadisələrindən biridir.

Nailə İslamzadə məktubunda ölkə rəhbərliyinin milli medianın inkişafına, söz və informasiya məkanının gücləndirilməsinə göstərdiyi diqqət və qayğını da xüsusi vurğulayıb. O, Azərbaycan mediasının bundan sonra da dövlətçilik maraqlarının, milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin və xalqımızın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Əməkdar artist göstərilən yüksək etimada görə bir daha Prezident İlham Əliyevə təşəkkür edərək, Azərbaycan dövlətinə və xalqına xidmət etməyin onun üçün hər zaman böyük şərəf və məsuliyyət olduğunu bildirib.

Gununsesi.info