Fermerlər üçün 100 faizlik vergi güzəşti ləğv olunur – 2027-ci ildən yeni qaydalar tətbiq ediləcək

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad edilməsi qaydasının dəyişdirilməsi təklif olunur.

Gununsesi.info xəbər verir ki, 2027-ci il yanvarın 1-dən aqrar sektorda uzun illər tətbiq edilən 100 faizlik vergi güzəştinin 90 faizlik güzəşt mexanizmi ilə əvəzlənməsi nəzərdə tutulur.

Yeni mexanizmə əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının əldə etdikləri gəlir və ya mənfəətin 90 faizi vergidən azad ediləcək, qalan 10 faizlik hissə isə ümumi qaydada vergiyə cəlb olunacaq.

Dəyişikliklərin beş il müddətinə – 2031-ci ilin sonunadək tətbiqi təklif edilir.

Bununla belə, yeni qaydalar bütün fermerlərə eyni şəkildə şamil edilməyəcək. Belə ki, mikrosahibkarlıq subyektləri üçün 100 faizlik vergi güzəştinin saxlanılması nəzərdə tutulur. Mikrosahibkar hesab olunmaq üçün illik gəlirin 200 min manatadək, işçilərin sayının isə 10 nəfərdən çox olmaması əsas şərtlərdəndir.

Dövlət Vergi Xidmətinin məlumatına görə, güzəştlərdən yararlanmaq istəyən istehsalçılar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməli və əldə etdikləri gəlir və mənfəəti vergi bəyannamələrində bəyan etməlidirlər.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər yalnız gəlir və mənfəət vergisi ilə məhdudlaşmır. Aqrar sahədə bir sıra digər vergi güzəştlərinin də müddətinin uzadılması nəzərdə tutulur. O cümlədən kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün ƏDV və əmlak vergisi üzrə güzəştlərin davam etdirilməsi təklif olunur.

Bundan başqa, heyvandarlıq təsərrüfatlarına əlavə dəstək məqsədilə kökəltmə üçün heyvanların idxalının üç il müddətinə ƏDV-dən azad edilməsi də layihədə əksini tapıb.

Beləliklə, 2027-ci ildən aqrar sektorda vergi siyasətinin dəyişdirilməsi, güzəştlərdən istifadə üçün elektron qeydiyyat və gəlirlərin bəyan edilməsi tələblərinin gücləndirilməsi gözlənilir.

 

 

Gununsesi.info