“Mən bu məsələni artıq içtimailəşdirməyə məcburam. Çünki hesab edirəm ki, inzibati həbsdə olan şəxsin həbs müddətini qanunsuz olaraq uzatmaq istəyirlər. Mən bu barədə Daxili İşlər Nazirinə və Ombudsmana yazmışam. Bu saata qədər hələ ki, müsbət nəticə yoxdur. Əgər bu gün bu məsələ müsbət həll olunmasa demək müvəkkilim daha 13 gün həbsdə saxlanılacaqdır. Məsələnin qanuni həlli üçün daha kimə yazmaq lazımdır onu mən bilmirəm.
Ona görə burada yazıram ki, həmin məsələni qanun çərçivəsində həll edə biləcək qurumlar bu barədə məlumatlı olsunlar və işə qarışsınlar. Məsələnin mahiyyəti bundan ibarətdir. Vəkili olduğum Fərhadov Emin Aydın oğlu barəsində məhkəmənin 31 iyul 2020-ci il tarixli qərarı ilə 30 gün müddətinə inzibati həbs tədbiri tətbiq olunmuşdur. Qərarda cəzaçəkmənin əvvəli 30 iyul tarixi göstərilmişdir. Məhkəmə qərarında həmçinin cəzanın çəkiləcəyi müəssə qismində İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsi göstərilmişdir. Məhkəmənin bu qərarına baxmayaraq Fərhadov 3 avqust tarixə qədər 13-ci polis bölməsində saxlanılmışdır. Polis bölməsində onu koronavirusla bağlı test etmiş və ona bildirmişdilər ki, testin cavabı müsbət çıxmışdır. Bu səbəbdən onu tibbi müalicə müəssəsinə göndərmişdilər. Həmin müəssədə 12-13 gün saxlandıqdan sonra Fərhadov Məntəqəyə gətirilmişdir və hal-hazırda orada cəza çəkir.Məntəqədə Fərhadova bildirmişdilər ki, onun müəlicədə olduğu günlər cəzaçəkmə müddətinə daxil olmayacaq və o, bu səbəbdən məhkəmə qərarına uyğun olaraq 29 avqust tarixdə (yəni sabah) deyil, 12 sentyabr tarixində azadlığa buraxılacaqdır.
Hesab edirəm ki, Məntəqənin əməkdaşlarının bu yanaşması qanunsuzdur. Belə ki, Fərhadov cəza çəkməyə başladıqdan 5 gün sonra müalicəyə göndərilmişdir. Ən əsası isə məhkəmə qərarında həbs etmənin əvvəli kimi 30 iyul tarixi göstərilmişdir və bu qərar qanuni qüvvədədir. Cəzanın təxirə salınması barədə məhkəmə qərarı yoxdur. Belə olduğu halda Fərhadovun azadlığa buraxılma vaxtının Məntəqə rəhbərliyi tərəfindən heç bir hüquqi əsas olmadan uzadılması qanunsuzluq kimi qiymətləndirilməlidir. Müvafiq qurumlardan müvəkkilim Emin Fərhadovun azadlığa buraxılma müddətinin qanunsuz uzadılmasının qarşısının alınmasına kömək göstərməsini xahiş edirəm.
P.S. Mümkündür ki, bu məsələnin içtimailəşdirilməsi kimlərinsə xoşuna gəlməyəcək, əllərinə ərizə və ya telefon dəstəyi alıb, cumacaqlar Vəkillər Kollegiyasına. Hesab edirəm ki, bu müraciət müvəkkilimin hüquqlarının müdafiəsi üçün son şansdır və ondan istifadə etmək mənim borcumdur. Əsas budur, qalanı təfərrüatdır.”
Gununsesi.info











