“ABŞ–İran Cenevrə görüşləri “razılaşma və ya eskalasiya” mesajı daşıyır”

“Cenevrədə start götürən ABŞ–İran diplomatik təması sadəcə texniki danışıqlar mərhələsi deyil, açıq şəkildə “razılaşma və ya eskalasiya”” mesajı daşıyır”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Mürtəza Bünyadlı bildirib.

Onun sözlərinə görə, rəsmi gündəmdə nüvə proqramı dayansa da, prosesin mahiyyəti daha geniş geosiyasi və iqtisadi kontekstdə qiymətləndirilməlidir.

“Masada nüvə proqramı müzakirə olunur, lakin paralel olaraq enerji resursları – İranın neft və qaz ehtiyatları, eləcə də nadir torpaq metalları məsələsi ön plana çıxır. Diplomatiya görüntüsü altında əslində güc balansının yenidən qurulması cəhdi müşahidə olunur”, – deyə o bildirib.

Siyasi şərhçi qeyd edib ki, beynəlxalq mediada, o cümlədən CNN tərəfindən yayılan məlumatlar Vaşinqtonun İranın enerji və strateji xammal sektoruna çıxış imkanlarını mümkün biznes razılaşmaları çərçivəsində müzakirəyə çıxardığını göstərir.

“Bu, faktiki olaraq belə bir mesajdır: nüvə proqramı ilə bağlı güzəştlər qarşılığında iqtisadi nəfəs imkanları. Yəni burada klassik güc diplomatiyası modeli tətbiq olunur – iqtisadi şirnikləndirmə və paralel hərbi-siyasi təzyiq mexanizmi”, – deyə Mürtəza Bünyadlı vurğulayıb.

Onun qənaətincə, Cenevrə prosesi yalnız nüvə sazişi çərçivəsində texniki razılaşma deyil, həm də regionda geosiyasi balansın və enerji təhlükəsizliyi arxitekturasının yenidən formalaşdırılması cəhdidir.

Qeyd edək ki, ABŞ-İran danışıqlarının ikinci raundunun bu gün İsveçrədə keçirilməsi gözlənilir.

 

 

Şəbnəm

Gununsesi.info