ABŞ Livanın öz ərazisinə nəzarət edə bilməsini istəyir -Rubio

Vaşinqton administrasiyası Livan hakimiyyət orqanlarının öz ərazilərinə müstəqil nəzarət həyata keçirməsi səylərini dəstəkləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Küveytdə jurnalistlərə bildirib.

İsrail müdafiə naziri İsrael Katzın ABŞ tələb etsə belə, yəhudi dövlətinin qoşunlarını cənubi Livandan çıxarmaq niyyətində olmadığı barədə açıqlamasını şərh edən Rubio qeyd edib: “Biz Livan Silahlı Qüvvələrinin və Livanın qanuni, suveren hökumətinin getdikcə daha çox ərazisinə nəzarəti və təhlükəsizliyini təmin etməyə davam edəcəyini gözləyirik. İsrailin müdaxilə etməsinin yeganə səbəbi Livan ərazisindən yəhudi dövlətinə qarşı raket və dronların atılmasıdır. Lakin Livan Silahlı Qüvvələri bu ərazinin nə qədər çox hissəsini nəzarətdə saxlaya bilsə və onun nə qədər az hissəsi Hizbullahın nəzarəti altında olarsa, İsrail Livanda bir o qədər az qalacaq”.

Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına toxunaraq vurğulayıb: “Danışıqlarda üzərində işlədiyimiz mexanizm məhz budur. Düşünürəm ki, bu, danışıqlarda əsas elementdir. İsrail tərəfi bizim vasitəçiliyimizlə livanlılarla məhz bunu müzakirə edirlər”.

Gununsesi.info