ABŞ Nümayəndələr Palatası Ukraynaya milyardlarla dollarlıq dəstək aktını təsdiqləyib

ABŞ Nümayəndələr Palatası Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyalar paketini təsdiqləyib. Sənədin lehinə 226 konqresmen səs verib.

Gununsesi.info xəbər verir ki, q anun layihəsinə əsasən, Ukraynanın bərpası səylərinin dəstəklənməsi üçün 1 milyard dollardan çox vəsait ayrılması, müdafiə sahəsində kreditlər formasında 8 milyard dollardan artıq yardım göstərilməsi, həmçinin Baltikyanı ölkələrin təhlükəsizlik imkanlarının gücləndirilməsi üçün əlavə maliyyə dəstəyinin verilməsi nəzərdə tutulur. Sənəddə Rusiyanın maliyyə, energetika, mədənçıxarma və dövlət sektorlarına qarşı yeni sanksiyaların tətbiqi də yer alıb.

Hazırda qanun layihəsinin Senatda necə səs toplayacağı məlum deyil. Senata respublikaçılar nəzarət edir və partiya rəhbərliyinin əksəriyyəti Prezident Donald Trampın mövqeyini dəstəkləyir. Sənəd Senat tərəfindən təsdiqlənsə belə, Trampın ona veto qoymaq hüququ var.

Bununla belə, qanun layihəsinin müəllifləri səsverməni mühüm siyasi və simvolik qələbə kimi qiymətləndirirlər.

Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina isə səsverməni “irəliyə doğru mühüm addım” adlandırıb. Onun sözlərinə görə, qərar Konqresin Ukraynanın müdafiəsinə dəyişməz dəstəyini nümayiş etdirir.

ABŞ dövlət katibi Marko Rubio isə iyunun 3-də Senatda keçirilən dinləmələr zamanı bəyan edib ki, Konqres Ukraynaya yardım məqsədilə təsdiqlənmiş, lakin hazırda Pentaqon səviyyəsində gecikən 400 milyon dollarlıq vəsaitlə bağlı yaxın vaxtlarda yeni məlumat açıqlayacaq.

Gununsesi.info