Ali Məhkəmə qış yuxusunda - TƏNQİDLƏR NƏTİCƏSİZ QALIR

  • By admin
  • 14 Noyabr 2022 10:50

Bir neçə gün əvvəl Azərbaycan Ali Məhkəməsinin media siyasətini tənqid edən material dərc etmişdik.

Qeyd edək ki, həmin materialda  Ali Məhkəmənin KİV-lə formal əlaqələri və bunun sübutu kimi bir neçə ay əvvəl təqaüdə göndərilən hakim Fərhad Kərimovun rəsmi saytda hələ də media ilə əlaqələr üçün aidiyyatı hakim kimi qeyd olunmasından söhbət gedirdi.

BUNA DA BAX:

Ali Məhkəmənin media ilə formal əlaqələri

Ancaq deyəsən, Ali Məhkəmə qış yuxusuna getdiyindən barələrindəki ictimai qınaqdan nəticə çıxara bilmir.

Haqlı tənqidimzdən bir neçə gün keçməsinə baxmayaraq, hələ də Ali Məhkəmənin Aparatı rəsmi saytdakı nöqsanı aradan qaldırmayıb.

Baxmayaraq ki, hüquqi dövlət quruculuğu prosesində məhkəmə orqanlarının media ilə əməkdaşlığı  prioritet olmaldır.

Etiraf edək ki, son illər Daxili İşlər Nazirliyi bu məsələdə istər-hüquq mühafizə orqanlarına , istərsə də digər dövlət hakimiyyəti qurumlarına nümunədir.

Media ilə əməkdaşlıqdan yayınan qurumların rəhbərləri dərk etməlidir ki, KİV ictimai fikirlərin formalaşdıran əsas sahədir.

Əgər məhkəmələr ölkədə hüquq münasibətlərini tənzimləyən orqandırsa, o zaman KİV-lə əməkdaşlığa xüsusi önəm verməlidir ki, cəmiyyətdə həm də hüquq mədəniyyəti formalaşsın.

Məhkəmə hakimiyyətinin timsalında buna əməl olunmur. Səs-küylü məhkəmə prosesləri jurnalistlərin üzərinə qapalıdır.

Bunu nümayişkarənə şəkildə edirlər və Məhkəmə-Hüquq Şurası da buna susur.

Medianın İnkişafı Agentliyi bu məsələyə həssaslıq göstərməli və məhkəmə hakimiyyəti orqanlarının rəhbərləri qarşısında problemi qaldırmalıdır.

Bu mövzuya israrla qayıtmağımızın səbəbi var. Söhbət  bu günlərdə ölkə adına utanc  gətirən Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda vətəndaşların mülkiyyət hüququnun kütləvi şəkildə pozulmasına dair 100-ə yaxın şikayətlə bağlı hökumət əleyhinə qərarından gedir.

 

Bu qərar açıqlanandan sonra Ali Məhkəmənin müvafiq reaksiyasını öyrənməyə çalışsaq da buna nail ola bilmədik.

Bu gün də Ali Məhkəmənin Mülki Kollegiyasının media ilə əməkdaşlıq üçün ayrılmış hakimi Elşanə  Vəliyeva ilə əlaqə saxlamağa çalışdıq.

Ancaq əməkdaşımızın davamlı zənglərinə baxmayaraq, Elşanə xanım telefonun dəstəyini qaldırmaqdan imtina etdi.

Pərviz Həşimli

Gununsesi.info