Şair Aqşin Yeniseyin sosial şəbəkədə etdiyi bir paylaşım ictimaiyyət arasında geniş rezonans doğurub və dini baxışlara malik istifadəçilərin etirazına səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, Yenisey paylaşımında “mömin kişilərin cənnət videolarının çəkilib yayılması” kimi bir ssenarini təsəvvür edərək bunun ailəvi şəkildə izlənib-izlənə bilməsi barədə sual qaldırıb.
Yenisey deyib:
“Mömin kişilərin cənnət videolarını çəkib yaymaq mümkün olsa, ailəvi oturub baxa bilərikmi o videolara?”
Əsasən etirazlarla qarşılanan bu fikirlərdən sonra o, mövzu ilə bağlı ikinci açıqlama verərək paylaşımının “utopik cənnət” barədə sual xarakteri daşıdığını bildirib.
Şair qeyd edib ki, məqsədi cənnət anlayışının gerçəkliyi və onunla bağlı təsəvvürlərin nə dərəcədə mütləq qəbul edildiyini müzakirəyə açmaq olub.
Yenisey əlavə edib ki, cənnətin mövcudluğu, orada təsvir edilən nemətlər və ümumiyyətlə dini təsəvvürlər barədə suallar cəmiyyət tərəfindən çox vaxt kəskin reaksiyalarla qarşılanır və bu yanaşma ictimai düşüncədə müzakirə məkanını daralda bilər.
Aqşin Yeniseyin həmin paylaşımını təqdim edirik:
“Utopik cənnət haqqında utopik bir sual vermişəm. İndi baxıram İlham Tumasdan tutmuş Türk İslam Birliyniə qədər hər tərəfdən sərt etirazlar gəlib. Özünə bir sual verən yoxdur ki, həqiqətən cənnət varmı? Mömin kişilər həqiqətənmi cənnətdə şərab içib hurilərlə sevişirlər? Həqiqətənmi cənnətdən video çəkib yaymaq mümkündür? Nə bilim, cəmiyyətin bu qədər irrasional anlayışları mütləqləşdirməsi heç də fərli gələcək vəd etmir bizə”.











