Yazıçı Arzu Əsəd “yeni maarifçilər” adlandırdığı çevrələrin tarixə yanaşmasını tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, müəllif bildirib ki, həmin çevrələr tarixə dar rasionalizm çərçivəsindən yanaşdıqları üçün “tarix savaşını uduzmağa məhkumdurlar”.
Onun fikrincə, rasionalizm yalnız ağıla əsaslanan idrak deyil, həm də mifik, mistik, intuitiv və digər idrak formalarını özündə ehtiva edən geniş anlayışdır.
Arzu Əsəd qeyd edib ki, son iki əsrdən əvvəlki dövrləri yalnız cəhalət və savadsızlıq kimi təqdim etmək, Azərbaycan adına yaradılmış dövlət və imperiyaları inkar etmək, eləcə də tarixi bugünkü meyarlarla qiymətləndirmək doğru yanaşma deyil.
O hesab edir ki, bu cür yanaşmalar nə rasionalizmə, nə də maarifçiliyə uyğun gəlir.
Yazıçının sözlərinə görə, “yeni maarifçilik” adlandırdığı yanaşma dövrün tələbatından doğmayıb və daha çox bəzi orta nəsil nümayəndələrinin şəxsi ambisiyalarının məhsuludur.
O iddia edib ki, həmin şəxslər ictimai-siyasi problemlərlə mübarizə aparmaq əvəzinə, tarix, milli ənənələr və dini dəyərləri tənqid etməyi daha təhlükəsiz hesab edirlər.
Arzu Əsəd, həmçinin, bu müzakirələrdə ironiya, təhqir və qarşı tərəfi susdurmağa yönəlmiş üslubun üstünlük təşkil etdiyini bildirib.
Onun fikrincə, cəmiyyətə qarşı tərəfi alçaldan monoloqlar deyil, elmi əsaslara söykənən, qarşılıqlı hörmətə və dialoqa əsaslanan müzakirələr lazımdır.
Müəllif sonda fərqli baxışlara malik insanların bir-birini tamamlayan tərəflər kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.
O hesab edir ki, Azərbaycan cəmiyyətinin ehtiyacı emosional qarşıdurma deyil, kompromis və konsensus yaradan səmimi dialoqdur.
Elmar












