Przidentliyə namizəd “Azəriqaz”dan şikayətçidir: Sayğac aylardır qaytarılmır

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, eks prezidentliyə namizədliyini irəli sürən Arzuman Abdulkərimov media nümayəndələrinə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyindən şikayət edib.

O bildirib ki, may ayında istixanaya məxsus qaz sayğacı nasazlıq səbəbindən sökülərək yoxlanılması üçün aidiyyəti quruma aparılıb. Avqust ayında ona sayğacdakı nasazlıqla bağlı qüsur aktı təqdim olunub və təmir üçün 1150 manat ödəniş edib.

“Dəyərli mətbuat nümayəndələri!

Bu ilin may ayında, ailə üzvlərimdən birinə məxsus, icarə hüququ rəhbəri olduğum şirkətə məxsus istixananın (parnik) sayğacında yaranmış nasazlıq səbəbi ilə “Azəriqaz” İstehsalat Birliyinin (İB) nümayəndələri tərəfindən sökülərək yoxlanış üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki müvafiq idarəyə aparıldı ( Yeri gəlmişkən, sayğac  təmirə aparılan zaman Azəriqaz onun yerinə müvəqqəti olaraq sayğac qoymalı idi. Amna qaydaları pozaraq etmədilər) .Avqust ayında həmin idarəyə dəvət olundum və mənə sayğacda nasazlığın olması ilə bağlı “qüsur aktı” təqdim olundu. Təmir üçün nəzərdə tutulan 1150 manat ödədim. Bildirildi ki, sentyabrın əvvəlində sayğac hazır olacaq. Deyilən vaxtda həmin idarədən mənə məlumat verildi ki, sayğac hazırdır, “Azəriqaz”a təhvil verilib, qısa zamanda gətirib quraşdırılacaq. Amma sayğac hələ də gətirilməyib”.

O əlavə edib ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi Taleh Şamradovla dəfələrlə əlaqə saxlamağa çalışsa da mümkün olmayıb:

“Həmin idarənin baş mühəndisi ilə əlaqə yaratmaq cəhdim də eyni sonluqla nəticələndi. Məcbur qalıb “Azəriqaz”ın qaynar xəttinə (2 dəfə) müraciət etdim. Bildirdilər ki, qısa zamanda həll olunacaq. Yenə də nəticə olmadı. Bundan sonra “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevə müraciət etdim. Yenə də heç bir faydası olmadı.

Bundan sonra Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərən Enerji Məsələlərini Tənzimləmə Agentliyinə  müraciət etdim. Bir neçə dəfə agentlik ilə əlaqə saxlamışam, bildirirlər ki, Azəriqazdan cavab ala bilmirlər.

Hörmətli media nümayəndələri!

Nəzərinizə çatdırım ki, sözügedən sayğac sahibkarın şəxsi mülkiyyətidir. Belə çıxır ki, “Azəriqaz” sahibkarın mülkiyyətini qanunsuz olaraq, heç bir əsas gətirmədən girov saxlayır.

Görünən budur ki, bu ilin may ayında Cənab Prezidentin rəhbərliyi ilə keçirilən Kənd Təsərrüfatına həsr olunmuş müşavirədə qarşıya qoyduğu məsələlər “Azəriqaz”  rəhbərliyini vecinə deyil. Yəqin ki, başları daha maraqlı məsələlərə qarışıb, dövlətin işləri arxa plana keçib.

Qarşıdan qış mövsümü gəlir, amma sahibkar yaradılan bürokratik əngəllərdən dolayı mövsümə hazırlaşa bilmir”.

 

 

Afət Abbasova

Gununesi.info