Arzumuza çatırıq: Murovdan kəndimizədək…

  • By admin
  • 10 Dekabr 2020 16:27

Bu gün həyatımızın ən unudulmaz, əsrarəngiz günüdür: ölkədə Hərbi Parad keçirildi…
Hər bir Azərbaycanlının günüdür…

Hamını təbrik edirəm!!!

Bu gün həm də sənin günündür, cavan ömrü səngərlərdə, ən çətin döyüş bölgələri –                                                                                                             Çaykənd, Mixaylovka, Erkəc, Mənəş, Sarısu, Buzluq, Ağcakənd, Başkənd, Murovun                                                                                                           zirvələri -Koroğlu, Ömər, Güzgü, Camışdağ, Tovuzun Əlibəylisi, Kəlbəcərin                                                                                                                           zastavalarında…keçən cənab general, əziz və əvəzolunmaz qardaşım!

And olsun Allaha, bu gün yaşadığın çətinliklərə baxmayaraq, dəqiq bilirəm ki, bizdən daha çox sevinən sənsən! Səni özüm qədər tanıyıram. Son günlər vəkillərinin dediyinə görə, sevincdən özünə yer tapa bilmirsən, əziz qardaşım! Hətta azad olunmuş hər rayon, qəsəbə və kəndlərə görə qurbanlarını da demisən. İnşallah, tezliklə azadlığa çıxarsan, dediyin qurbanları aparıb o torpaqlarda kəsərik. Sən onsuz da, bütün şüurlu ömrünü Vətənə, millətə, dövlətə qurban demiş şəxsiyyətsən! Sən sədaqətli dost, layiqli vətəndaş, təəssübkeş soydaşsan. Harada çalışmağından asılı olmayaraq, Vətənimizi -Azərbaycanı, qardaş Türkiyəni təbliğ etdin, o ölkələrə sevdirdin. Hər zaman Ulu Öndərə, onun layiqli davamçısı hörmətli Prezidentimizə, qəhrəman Ali Baş Komandanımıza sadiq oldun, hücumlardan qorumaq üçün nə mümkündürsə, etdin…

İştirakçısı və şahidi olduğum bir-iki epizodu deyim ki, dostlarımız sözlərimin dürüstlüyünə əmin olsunlar.

1-ci EPİZOD

1992-ci ilin aprel ayında Gəncəyə gəldim. Kəlbəcərin ağır vaxtlarıydı. Rəhmətlik general Zaur Rzayev demişdi ki, ermənilər qondarma “erməni soyqırımının ildönümü” ilə bağlı Kəlbəcərə hücum etməyi planlaşdırırlar. Silah-sursatımız azdır, havadan hücuma qarşı isə ümumiyyətlə, heç nəyimiz yoxdur. Kömək lazımdır. Özümlə Şakir Ağayar oğlu adlı milis işçisini, sürücü Ocaqverdi Əliqulu oğlunu və digər milis işçisi tovuzlu Nurəddini götürüb Kəlbəcərin müdafiəsində müstəsna xidmətləri olan sənin yanına gəldik. Gecə saat 11-12 olardı. Mehmanxanaya gedirdik. Milis idarəsinin qarşısından keçəndə xidməti maşınının idarənin qarşısında dayandığını görəndə dedim ki, Oruc, saxla maşını. Maşından enib dəmir pilləkənlərlə 2-ci mərtəbəyə qalxdım.

Köməkçi dedi ki, yanında adamlar var, gözləyin, deyərəm. Dedim vaxtımız azdır, xahiş edirəm gir içəri de ki, Kəlbəcərdən gələn var. Girdi və dərhal da qayıdıb qapını açdı ki, keçin. Bilmirdin kimin gəldiyini. Kəlbəcərə və kəlbəcərlilərə olan sevgin özünü bir daha göstərdi.

Keçdim kabinetə, dörd nəfər idiniz – müavinin Ramiz Cahangirov və tanımadığım daha iki nəfər. Ramiz müəllim Kəlbəcərdə işləmişdi və bütün kəlbəcərlilərin sevimlisinə çevrildiyi üçün yaxşı tanıyırdım. Hər evdə, ailədə Ramiz Cahangirova xüsusi hörmət vardı. Milis rəisinin müavini idi, amma camaat kömək üçün rəisin yanına yox, Ramiz müəllimin yanına gəlirdi.

Məni təqdim etdin. Təqdimatın da qəribə idi: bu kişiylə uşaqlığımızdan dostluq edirik, atalarımız ən yaxın dost olublar. Amma özü ölkə üzünə qoyulası adam deyil. Zarafatına hamınız bərkdən güldünüz.

Digər iki nəfəri də təqdim etdin. Şadman Hüseynov və deyəsən, səhv etmirəmsə, Naxçıvandan bir nəfər icra başçısı.

Dedim ki, vaxtımız yoxdur, Kəlbəcərdə vəziyyət çox ağırdır.

Zaur Rzayevin siyahısını qarşına qoyub dedim ki, sabah bu silahları Kəlbəcərə aparmalıyıq, bunları təcili tap. Həmişəki kimi gülümsəyib dedin qardaş, gözünü yeyim, tələsmə, Naxçıvanda da vəziyyət yaxşı deyil, Heydər Əliyev kömək etməyimizi xahiş edib. Qoy, sabah Naxçıvana lazım olanları göndərək, sonra səni yola salarıq.

Dedim ay qardaş, nə danışırsan, Kəlbəcər əldən gedə bilər. Dedin, qardaş, narahat olma. Kəlbəcərdə nə var, nə yox, bilirəm. Kəlbəcər getsə, qaytararıq, amma Naxçıvanı işğal etsələr, Azərbaycanın beli qırılar…

Bizi mehmanxanaya yola saldın, gəldik ki, “Gəncə” mehmanxanasının rəhbərliyi bizi qapıda gözləyir…

Növbəti gün bizi də 4 “Kamaz” dolusu silah-sursatla Kəlbəcərə yola saldın…

Hər maşının da kabinəsinə xeyli ərzaq qoydurmuşdun, bilirdin ki, vəziyyət təsəvvür edildiyindən çox-çox ağırdır, Murovda ilişib qala bilərik. 2 sutka sonra Kəlbəcərə çatdıq.

 

O silahların içindəki ən vacibi “İkilüləli İriçaplı Zenit qurğusu” idi ki, onunla Söyüdlüdə rəhmətliklər Novruz, Telman, şəhid Kamal Hacıyev və digər cəsur döyüşçülər iki erməni vertolyotunu vurdular.

2-ci EPİZOD

İkinci hadisə isə 1999-cu ilə aiddir. İyul, ya avqust ayı idi. Bazar günüydü. Mənə zəng etdin ki, təcili gəl prokurorluğa, zarafatla dedim ki, Milli Məclisdən icazə almısan? Onda Milli Məclisin üzvü idim… Həmişəki kimi, ürəkdən güldün…

Gəldim. Yenə də üzündə həmin doğma təbəssüm! Dedin qardaş, Rusiya mətbuatında bizim bəzi yaramaz ünsürlər (müxalifətdəki bəzi şəxsləri nəzərdə tuturdu – Ə.A.) Cənab Prezidentimizlə, onun oğlu, mənim əziz qardaşım, sənin deputat həmkarın İlham Əliyevlə bağlı hədyan və yalanlar uydurub dərc etdirirlər. Mən səndən xahiş edirəm bu qəzetləri götür, tanış ol, yaxın vaxtda bu iftiralara tutarlı bir cavab hazırla.

Elə qətiyyətlə və səmimiyyətlə dedin ki, razılaşmamaq mümkün deyildi.

O qəzetlərdəki yalan-palan, eybəcər, milli mentalitetimizə yad böhtanlarla tanış olub böyük bir məqalə yazdım. Ertəsi gün gəldim, yazını masanın üstünə qoyanda gördüm ki, çox təəccüblə üzümə baxırsan. Dedim, ağlın məndən bir şey kəsirsə, durum gedim. Durub qarşımı kəsdin ki, yox e, hara gedirsən? İnanmadım ki, bu tezliklə həm o qədər yazıları oxuyarsan, həm də, cavab yazarsan…

Sən diqqətlə yazını oxuyurdun, mənsə narahatlıqla gözləyirdim ki, xoşuna gələcəkmi…

Əlində karandaş diqqətlə oxudun, aradabir qaşlarını qaldırıb xəyala gedə-gedə əlavələrini etdin. Sonra heç nə demədən ayağa qalxıb gəldin yanıma, alnmıdan öpdün və dediyin sözləri olduğu kimi xatırlayıram: “Halal olsun İbrahim əmimin çörəyi və Leninqrad Universitetinin diplomu”! Soruşdum ki, bəyəndinmi? “Bəyəndim nədi, ey, dəhşət yaxşı yazmısan”…

Bu “dəhşət yaxşı” sözünü eşidəndə bayaqkı narahatlığımdan əsər-əlamət qalmadı. Çünki mənim yaxşı bir əməlimi, yazımı, çıxışımı bəyənəndə zəng vurub bircə kəlmə deyərdin:”Dəhşətsən ey”!

Yazını Moskvada – Rusiya dövlətinin rəsmi orqanı olan ” Rossiyskaya Qazeta”da dərc etdirdin. Düz bir səhifəlik yazı idi…

Ondan sonra nə baş verdisə, nə etdinsə, rus mətbuatında elə bil qurbağa gölünə daş atdılar.

Bax, öz təbirincə deyirəm: Sən belə bir dost, qardaş, vətəndaş və sədaqət simvolusan mənim üçün.

Kaş, bu günkü paradı sən də bizim kimi izləyə biləydin, qardaş! Amma neyləyək… Həyatdır…

İnanıram ki, tezliklə evində-eşiyində olacaqsan və ən müqəddəs arzumuza çatacağıq: Murovun başından kəndlərimizədək birlikdə piyada gedəcəyik!


Gununsesi.info