Avropa Birliyinə səyahət şəhadətnaməsi razılaşdırıldı

  • By admin
  • 21 May 2021 10:58

Birləşmiş Ştatlarda peyvəndləməni sürətləndirməkdən ötrü lotereya proqramları hazırlanır

 

Avropa Birliyi vətəndaşları artıq 27 üzvü olan blokda yay tətili planları qura bilərlər. Qurum təmsilçiləri COVID-19 sertifikatları üzrə kompromis əldə ediblər.

AB vətəndaşları rəqəmsal tibbi sənəd əldə edə biləcəklər. Bu sənəddə onların peyvəndləmə durumu, COVID-19 testlərinin nəticələri, yaxud koronavirusa yoluxması haqda informasiya əks olunacaq.

Əlavə məhdudiyyətlər olmayacaq

Rəqəmsal sertifikatlar Avropa ölkələrinin yay mövsümündə turistlərə sərhədlərini açması üçün vacib sayılırdı.

Mayın 20-də AB-nin Avropa Parlamentindəki təmsilçiləri və üzv ölkələr sertifikatlarla bağlı fikir ayrılıqlarını yoluna qoyublar. Avropa Komissiyasının məlumatına görə, sertifikatlar rəqəmsal formada olacaq, smartfonlarda, yaxud kağız üzərində göstərilə biləcək, data “çox yüksək səviyyədə” qorunacaq.

Avropa Parlamenti təkid edirdi ki, bu sertifikatlar vətəndaşlara üzv ölkələrə rahat səyahət imkanı verməlidir, hökumətlər onlara karantin kimi əlavə məhdudiyyətlər tətbiq etməməlidir.

İndi təklifi üzv ölkələr rəsmən təsdiqləməli, iyunda isə Avropa Parlamentində ratifikasiya olunmalıdır.

Cənubi Amerikada isə sərhədlərarası səyahət haqda düşünmək belə tezdir, çünki pandemiya tüğyan edir. Argentina Prezidenti Alberto Fernandes bu il ilk dəfə olaraq sərt karantin elan edib.

“Pandemiya başlanandan onun ən ağır dönəmini yaşayırıq”, – Fernandes çıxışında deyib və argentinalıları “bu vəziyyətə ciddi yanaşmağa” çağırıb.

Lokdaun mayın 22-dən 31-dək davam edəcək, sosial, biznes, təhsil, dini, idman fəaliyyəti təxirə salınacaq.

Argentinada indiyədək 3.4 milyon yoluxma və 72 mindən çox ölüm təsdiqlənib. Prezidentin sözlərinə görə, bir neçə günə ölkəyə 4 milyon doza Sputnik V və AstraZeneca vaksinləri gəlməlidir.

Kanadanın Ontario vilayətində 10 nəfərədək şəxsin açıq havada bir araya gəlməsinə, iyunun ortasından həyati əhəmiyyətli olmayan pərakəndə satış obyektlərinin tutumunun 15 faizi həcmində işləməsinə icazə verilə bilər.

Kanadanın ən sıx məskunlaşmış bu vilayəti aprelin əvvəlindən lokdaun şəraitindədir, o zaman yoluxmaların üçüncü dalğası xəstəxanaları təzyiqi artırmışdı.

Birləşmiş Ştatlarda isə peyvəndləməni sürətləndirməkdən ötrü lotereya proqramları hazırlanır.

Ohayonun qubernatoru Mayk Devayn bir həftə öncə elan edib ki, peyvənd olunmuş beş nəfər yetkin yaşlının hərəsi ştatın “Vax-a-Million” lotereyasından 1 milyon dollar qazanacaq.

Merilend ştatında mayın 20-də yayılmış informasiyaya görə, hər gün lotereyada vaksinasiya olunmuş şəxslərdən bir nəfər təsadüfi metodla seçilərək 40 min dollar əldə edəcək.

40 gün ərzində 40 nəfər bu cür seçiləcək. Yekun udluş məbləği isə 4 iyul Müstəqillik günündə oynanılacaq, 400 min dollar həcmində olacaq.