“Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında insan kapitalının qorunması və vətəndaşların rifahının yüksəldilməsi prioritet istiqamətlərdəndir. Bu baxımdan ölkə səhiyyəsində reallaşdırılan növbəti fundamental addım sadəcə inzibati-maliyyə qərarı deyil, dövlətin öz vətəndaşına və onun sağlamlığını həvalə etdiyi tibb işçisinə verdiyi yüksək dəyərin bariz təzahürüdür”.
Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Azər Niftiyev deyib:

“Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü və Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləyərək icra mexanizmlərinin işə salınması ilə bağlı verdiyi tapşırıqlar səhiyyə sistemində yeni mərhələnin başlanğıcıdır. Bu, resurs idarəçiliyindən insan amilini mərkəzə qoyan modern səhiyyə modelinə keçidin təsdiqidir.
2026-cı il sentyabrın 1-dən etibarən tətbiqinə başlanılan yeni əməkhaqqı mexanizmi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72212 tibb işçisini əhatə edir. Qərarın icrası üçün illik əməkhaqqı fondunun 189 milyon manat artırılması nəzərdə tutulur ki, bu da islahatın maliyyə miqyasını və ayrılan resursların həcmini aydın göstərir.
Lakin qəbul olunmuş qərarın mahiyyəti yalnız riyazi rəqəmlərlə və ya ümumi büdcə artımı ilə məhdudlaşmır. Əsas məqam əməkhaqqı və əlavə ödənişlərin formalaşmasında ədalətli və stimullaşdırıcı diferensial yanaşmanın tətbiq edilməsidir. Bundan sonra ödənişlər standart şablonlar əsasında deyil, həkimin vəzifəsi, ixtisası, iş yükü, real fəaliyyət göstəriciləri və regionlardakı kadr ehtiyacları nəzərə alınmaqla müəyyənləşdiriləcək.
Yenilənmiş sistem ilkin səhiyyə xidmətinin keyfiyyətcə dəyişməsinə birbaşa təkan verir. Ailə və sahə həkimlərinin aylıq əməkhaqqının 1150 manatdan 2000 manata çatdırılması profilaktik tibbə və xəstəliklərin erkən diaqnostikasına verilən strateji önəmin göstəricisidir. Eyni zamanda yüksək məsuliyyət tələb edən sahələrdə çalışan mütəxəssislərin əməyi layiqincə qiymətləndirilir. Uşaq anestezioloq-reanimatoloqlarının əməkhaqqının 1450 manatdan 3000 manata yüksəldilməsi və təcili tibbi yardım həkimlərinin gəlirlərinin artırılması buna əyani sübütdur.
Bu kompleks yanaşmanın mühüm tərəflərindən biri regionlarda səhiyyə infrastrukturunun və kadr potensialının gücləndirilməsidir. İllər boyu mütəxəssis kadrların əsasən paytaxtda cəmləşməsi və regionlarda bəzi ixtisaslar üzrə həkim çatışmazlığı vətəndaşın tibbi xidmətə əlçatanlığı baxımından ciddi maneə yaradırdı. Əgər hər hansı bir rayonda dar ixtisaslı mütəxəssis yoxdursa, bu, həmin ərazidə yaşayan sakinin konstitusion sağlamlıq hüququnun praktiki reallaşmasında çətinlik doğurur. Regionlarda kadr çatışmazlığı olan ixtisaslara əlavə maddi stimulların tətbiq edilməsi məhz bu disbalansı aradan qaldırmağa hesablanıb. Bu addım həkim üçün əlavə imtiyaz olmaqla bərabər, region sakininin öz yaşadığı yerdə keyfiyyətli, operativ və pulsuz tibbi xidmət almaq hüququna verilən dövlət zəmanətidir.
İslahatın konseptual dayağını təşkil edən digər mühüm məqam əməkhaqqının fəaliyyət nəticələri və pasiyent məmnunluğu ilə birbaşa əlaqələndirilməsidir. Həkimin gəliri artıq pasiyentdən əlavə ödəniş gözləntisi ilə deyil, göstərdiyi tibbi xidmətin həcmi, dəqiqliyi və pasiyentin sağalma göstəriciləri ilə müəyyən olunacaq. Beləliklə, sistem kəmiyyət göstəricisindən keyfiyyət fəlsəfəsinə keçid edir. Əlavə ödənişlərin şəffaflığı, fəaliyyətin obyektiv ölçülməsi və tibbi etikanın qorunması bu sistemin ana sütunlarıdır. Şübhəsiz ki, meyar göstəricilərinin obyektiv qiymətləndirilməsi və bürokratik ləngimələrin qarşısının alınması islahatın tətbiq prosesində əsas diqqət mərkəzində saxlanılmalıdır. Dövlət tibb işçisinin sosial rifahını təmin edir, bunun qarşılığında isə yüksək peşəkarlıq, intizam və vətəndaşa humanist münasibət gözlənilir.
Qəbul olunan bu qərar tibb peşəsinin cəmiyyətdəki nüfuzunu bərpa edən, ilkin və təcili yardımı möhkəmləndirən, regionlarda kadr axınını stimullaşdıran və milli səhiyyənin rəqabətqabiliyyətliliyini artıran hərtərəfli konsepsiyadır. İslahatın real nəticəsi xəstəxanalara müraciət edən hər bir vətəndaşın gündəlik təcrübəsində hiss etdiyi diqqət, qayğı və peşəkar yanaşma ilə ölçüləcək.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin siyasi iradəsi ilə gerçəkləşən bu addım Azərbaycan səhiyyəsinin gələcəyinə, insan sağlamlığına və sosial ədalətin bərqərar olunmasına xidmət edən mühüm dönüş nöqtəsidir”.
Qeyd edək ki, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb.
Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib.
Elmar











