Azərbaycan gömrükçüləri İrandan Polşaya aparılması nəzərdə tutulan 200 kiloqramdan çox narkotik vasitəni aşkar edərək götürüb.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 6-da Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Polşada yerləşən şirkətlərdən birinə “Gil” yükü daşıdığı əks olunan platforma “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb və 14 kisədə qablaşdırılan ümumi çəkisi 200 kiloqram 800 qram olan narkotik vasitə – heroin aşkar edilib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin narkotik qaçaqmalçılığı maddələri ilə cinayət işi başlanılıb.
Ümumilikdə son illər ərzində hüquq-mühafizə və gömrük orqanları, həmçinin Dövlət Sərhəd Xidməti İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən tonlarla narkotik tutub, onlarla insanı saxlayıb.
Taryel İbrahimov
Gununsesi.info











