Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşdü

  • By admin
  • 05 Avqust 2021 11:50

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 5-də saat 11 radələrində qardaş ölkəyə yola salınıb.

Gununsesi.info xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi isə avqustun 5-də səhər saat 06 radələrində Türkiyəyə yola düşüb.

Qrupun üzvlərini FHN-in Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov yola salıb, onlara müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq Marmaris bölgəsində yanğınların söndürülməsinə çalışırlar. Azərbaycan yanğınsöndürənləri isti hava şəraitində mürəkkəb relyefli dağlıq ərazidə yanğınların söndürülməsi üçün fədakarlıqla mübarizə aparırlar.

FHN-in 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət yola düşən ikinci qrupu iyulun 31-də qardaş ölkəyə yola salınıb. İkinci qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub. Yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Türkiyədədir.

Gununsesi.info