
“Azad Avropa/Azadlıq Radiosu” (RFE/RL) ABŞ-nin Qlobal Media Agentliyi (USAGM) və təşkilatın rəsmiləri Keri Leyk və Viktor Moralessə qarşı məhkəməyə müraciət edib.
“Azadlıq Radiosu”nun məlumatına görə, məhkəmə ABŞ Konqresinin təsdiq etdiyi və təşkilatın fəaliyyətini maliyyələşdirən qrantın dayandırılması cəhdini bloklamağı tələb edir.
Şikayətdə bildirilir ki, RFE/RL-yə Konqresin ayırdığı vəsaitlərin rədd edilməsi federal qanunları, o cümlədən ABŞ Konstitusiyasını pozur. Konstitusiya isə Konqresə federal xərclər ilə bağlı istisnai səlahiyyətlər verir. Məhkəmə işinə Kolumbiya dairəsi üzrə ABŞ Məhkəməsi baxacaq.
“İndi Amerika əleyhdarlarının təbliğatına və senzurasına boyun əymək vaxtı deyil. Biz hesab edirik ki, qanun bizim tərəfimizdədir və dünyanın hər yerindəki despotlar bizim ölümümüzü qabaqcadan bayram edirlər,” – deyə RFE/RL-nin prezidenti Stiven Kapus bildirib.
ABŞ prezidenti Donald Tramp martın 14-də yeddi dövlət qurumunun fəaliyyətinin azaldılması barədə fərman imzalayıb, bunlar arasında Qlobal Media Agentliyi (USAGM) də var. Bu agentlik xarici yayımla məşğul olur və “Azad Avropa/Azadlıq Radiosu”na da nəzarət edir.
Trampın fərmanının ardınca ABŞ Konqresinin təsdiqlədiyi və “Azad Avropa/Azadlıq Radiosu”nun fəaliyyətini maliyyələşdirən qrantın dayandırılması barədə bildiriş yayımlanıb. USAGM-in saytında yayımlanan bəyanatda qəbul edilən qərarların Tramp administrasiyası tərəfindən vergi ödəyicilərinin vəsaitlərinin səmərəsiz istifadəsi kimi qiymətləndirildiyi qeyd edilib.
“Azad Avropa/Azadlıq Radiosu” müstəqil media korporasiyasıdır və 1953-cü ildən fəaliyyət göstərir. Onun fəaliyyətini ABŞ Konqresi Qlobal Media Agentliyi (USAGM) vasitəsilə maliyyələşdirir.
Qrantın dayandırılması barədə elan edildikdən sonra Avropa İttifaqının bir neçə ölkəsinin nümayəndələri media korporasiyasını dəstəkləmək və onun maliyyələşdirilməsini tam və ya qismən öz üzərlərinə götürmək təklifini irəli sürüblər.