Bakı Kommersiya Məhkəməsinin hakimindən qanunsuz qətnamə - VƏTƏNDAŞIN MƏHKƏMƏ-HÜQUQ ŞURASINDAN TƏLƏBİ VAR!

  • By admin
  • 28 Dekabr 2022 12:23
“Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova tərəfindən qeyri-obyektiv, ədalətsiz qətnamə çıxarılması ilə qanunvericiliyin tələblərinin kobud pozuntusuna yol verilib. Hakim bilə-bilə qanunsuz qətnamə çıxardığı üçün Məhkəmə-Hüquq Şurası onun haqqında tədbir görməlidir”.
Bu fikirlər vətəndaş Gununsesi.info-nun elektron poçtuna Bakı Şəhər sakini R.Allahyarovun yazdığı məktubda əks olunub.
Məktubda bildirilir ki,  iddiaçı F.Əlləzov  iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına cavabdeh R.Allahyarovun adına qeydə alınmış əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsini, cavabdeh ilə onun arasında bağlanmış müqaviləyə xitam verilməsini tələb edib.
Həmçinin, Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək, onunla cavabdeh arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

09 dekabr 2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova tərəfindən çıxarılan qətnamə ilə iddiaçı F.Əlləzovun iddia tələbi qismən təmin olunmuş, cavabdeh R.Allahyarov ilə aralarında bağlanmış müqavilənin ləğv olunması, Binəqədi rayonu, ərazisində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakların iddiaçı və cavabdeh arasında 1/2 hissədə payları müəyyən olunmaqla bölünməsi elan edilərək qət olunmuşdur.

Burada mübahisəyə səbəb olan məsələlərdən ilki ondan ibarətdir ki, məhkəmə tərəfindən 1/2 hissədə bölünməsi nəzərdə tutulan Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsinin üzərində yerləşən əmlaklar dövlət qeydiyyatına alınmamışdır. Hansı ki, hakim Nərmin Əhmədova daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan hər hansı əmlakın bölünməsinə dair qətnamə çıxarmaqla R.Allahyarov və iddiaçı F.Əlləzov arasında mülkiyyətdə olmayan əmlaka dair paylar müəyyən etmiş, bununla da mülki qanunvericilikdən irəli gələn şərtlərin kobud pozuntusuna yol verməklə bərabər, öz səlahiyyət dairəsini də aşmışdır. Hakim qətnamə qəbul edərkən qətnamənin nəticə hissəsinin imperativ formada yazılmalı olmasında da məlumatsız olduğu görünür. Digər tərəfdən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qeydiyyata alınmayan əmlaka hakim tərəfindən payın müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini mənimsəməklə nəticələnmişdir. Mülkiyyət hüququnun yaranması məsələsinə yanaşmalar müxtəlifdir. Belə ki, ümumi (ingilis-sakson) hüquq sistemi ilə qitə (roman-alman) hüquq sisteminə aid olan dövlətlərin qanunvericiliyində fərqli qaydalar mövcuddur. Ümumi hüquq sistemi dövlətlərində, bir qayda olaraq, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun və digər hüquqların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınmır. Qitə hüquq sistemi dövlətlərində, o cümlədən Azərbaycan Respublikasında daşınmaz əmlaka mülkiyyət və digər hüquqların, onların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınması ilə müəyyən olunur (Konstitusiya Məhkəməsinin Plenum qərarı).

Hakim Nərmin Əhmədova tərəfindən yol verilən digər kobud pozuntu ondan ibarətdir ki, iddiaçının cavabdehə qarşı eyni məzmunlu tələblərlə dəfələrlə məhkəməyə müraciət etdiyini, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən (Hakim İlqar Dadaşov) məsələyə yekun hüquqi qiymət verildiyini bildiyi halda preyudisiallığın pozulması ilə qətnamə qəbul etmişdir.

Yekunda qeyd etmək istəyirəm ki, hakimlər toxunulmaz və müstəqil olsa da, nəzərə almaq lazımdır ki, onlar da Azərbaycan Respublikasının Konstitutsuyası və qanunlarına tabedirlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 295-ci maddəsində onlar üçün bilə bilə ədalətsiz hökm çıxarmaya görə məsuliyyət nəzərdə tutulmuşdur.

Sonda vətəndaş saytımız vasitəsi ilə Məhkəmə-Hüquq Şurasının hakim Nərmin Əhmədovun barəsində tədbir görməsini xahiş edib.
Mətləb Yaqublu
Gununsesi.info