Bircə ciddi əsəri belə olmayan yazıçımız- Orxan Saffari yazır…
Rövşən Abdullaoğlunun ədəbiyyatdakı təntəsini heç başa düşmək olmur.
Doğrudan da, bu məsələdə cavabı olmayan suallar var. Məsələn, necə oldu, hansı möhtəşəm bir əsər yazdı ki, qəfildən Azərbaycanın ən populyar yazıçılarından birinə çevrildi Rövşən Abdullaoğlu?
Heç bir ədəbi çevrədə, müzakirədə görünməyən bu adam kitab bazarının mərkəzində necə dayana bildi?
Əlbəttə, burada bir məsələ var. Şükür Allaha, bu günə qədər bir ciddi ədəbiyyatçı, yazıçı, şair Rövşən Abdullaoğlu barədə tərif yazmayıb. Heç yazmaz da. Ümumiyyətlə, o, ədəbi mühit tərəfindən heç vaxt təqdir olunmayıb. Sözsüz, peşəkar ədəbiyyatçılar söhbətləri yaxşı bilir. Bilirlər ki, kimin gücü nədir. Elə bir ciddi yazıçı, ədəbi tənqidçi də tapa bilməzsiniz ki, Rövşən Abdullaoğlunun əsərlərini təhlil, təqdir etsin. Ədəbiyyatı dərindən bilən adamlara onun əsərləri çatmır. Yəqin ki, hamı kütləvi şəkildə paxıllıq etmir. Demək, bu məsələdə müəammalı məqamlar çoxdur.
Ancaq bu bir həqiqətdir ki, Rövşən Abdullaoğlu peşəkar ədəbiyyatda təsdiq olunmasa da, oxucular tərəfindən olunub. Fəqət dediyimiz kimi, müəmma çoxdur.
Təsadüf nəticəsində sərgilərdə Rövşən Abdullaoğlunun oxucularla görüşünü görəndə, əslində, mənzərə mənə bir qədər aydın olub. Dəqiq desək, Rövşən Abdullaoğlunun təsir dairəsi, nüfuz etdiyi sekta dini cameədir. Əksər oxucuları da konkret olaraq inanclı insanlardır. Bu mənada, onun kitabları da əksərən dini diktələr üzərindədir. Dəqiq desək, Rövşən Abdullaoğlu roman filan yazmır, məsləhət verir. Təsadüfi deyil ki, onun məsləhət verdiyi ünvan da məhz dini inancı olan insanlardır. Onu həmişə müdafiə edən insanlar da bütün ruhu ilə Allaha, dinə bağlı olan insanlardır.
Gəlin, onun kitabından bir hissə gətirərək mənzərəni göstərək:
“Keçmişdə yaxşı tanıdığım bir nəfər mən bir şeyə görə ağlayan zaman deyərdi ; ” Hər xırda şeyə görə ağlamamağı öyrən ! Çünki insan acizliyindən ağlayır . Çalış ,möhkəm ol, hamı da səni bu cür tanısın “. Mən isə ona deyərdim: “Nəyə görə olmadığım kimi görünüm? ” O susar , heç nə deməzdi . Bir gün onun özünü ağlayan gördüm . Nəyə görə mənə dediyinə özünün əməl etmədiyini soruşdum. O, gözünün yaşını silərək: “Əməl etmek məsləhət verməkdən çox çətindir” , – dedi”.
Aşağı-yuxarı bütün ədəbi fəaliyyəti bu cürdür Rövşən Adbullaoğlunun.
Qəribədir ki, onu tək yazıçı yox, psixoloq kimi də tanıyırlar. Hətta bu da dərd deyil. Ancaq vikipediyasında filosof belə yazılıb. Bax bu, dəhşətli məsələdir. Axı Rövşən Abdullaoğlunun fəlsəfədə də yeri yoxdur. Onun hansı fəlsəfi bilgiləri var? Nə zaman filosof oldu? Hansı fəlsəfi əsəri var? Yoxsa, Qurandan sitat filan gətirməklə nəsə izah etmək artıq fəlsəfə sayılır?
Rövşən Abdullaoğlu özü bilməsə də, bəs bu camaata nə gəlib? Dindar insan nə vaxtdan psixoloq olur? Necə olur ümumiyyətlə? İnsanlar həqiqətənmi bu məsələlər arasındakı fərqi bilmir?
Məncə, Rövşən Abdullaoğlu psixoloji məsləhət verdiyi adamlara sonda deyir ki, niyə gedib namaz qılmırsan? Şükür elə, düzələcək.
Onun yazdığı bir əsərə bütövlükdə, iki əsərə də qismən göz gəzdirmişəm. Təxmini qənaətlərim belədir ki, Rövşən Abdullaoğlu oxuculara deyir:
“Səhər oyananda şükr edin və dişlərinizi fırçalayın, paxıl olmayın, Allaha sığının, hər şey yaxşı olacaq, uğur qazanacaqsınız, özünüzə inanın, siz güclüsünüz”.
Bu mənada, konkret danışmaq lazımdırsa, Rövşən Adbullaoğlunun bircə ciddi əsəri də yoxdur.
Ədəbi olaraq qiymətləndirsək, bulvar ədəbiyyatından başqa heç nə deyə bilmərik adına.
Bilmirəm, Rövşən Abdullaoğlu özünün ədəbi çəkisi barədə məlumatlıdır, ya yox, ancaq vəziyyət belədir.
Fəqət dərd odur ki, bütün bunları sevən, bütün bunlara səmimi şəkildə inanan böyük bir kütlə var. Şəxsən mən onu da dəqiq bilirəm ki, hələlik, hətta lap uzun illər həmin kütləyə nəsə izah etmək çətin olacaq.
Peşəkar ədəbiyyatçılar Rövşən Abdullaoğlunu başa düşmədiyi kimi, onun oxucuları, fanatları da bu deyilənləri başa düşməyəcək. Ən yaxşı halda paxıllıq, gözü götürməmək kimi qiymətləndirəcək.
Çünki Azərbaycanda həm də elə bilirlər ki, kitabların çox satılırsa, demək, doğrudan da yaxşı yazıçısısan.
İndi gəl, bu cür düşünən adamlara kəmiyyət və keyfiyyət məsələlərini izah et.
Onu da vurğulamaq lazımdır ki, əslində, Rövşən Abdullaoğlu Azərbaycan ədəbiyyatında lazımlı adamdır. Məsələn, həyatında heç vaxt kitab oxumayan adamlara onun əsərlərini yüngül ədəbiyyat kimi təqdim etmək, oxutmaq lazımdır. Tək Rövşən Abdullaoğlu yox, Elxan Elatlı, Çingiz Abdullayev və s. başqa yazıçılar da bu qəbildəndir və onların ədəbi yükləri, yerləri məhz bu formadadır.

Orxan Saffari












