“Biz yaşadan tamaşaçıların məhəbbətidir” – Teatrsız nəfəs ala bilmərik XALQ ARTİSTİ HACI İSMAYILOV

  • By admin
  • 20 Fevral 2021 16:14
“Biz tamaşaçıların məhəbbəti ilə yaşayırıq, yoxsa çoxdan bu dünyadan köçmüşdük…”
Gunusesi.info xəbər verir ki, Xalq artisti Hacı İsmayılov Moderator.az-ın suallarını cavablandırıb.
– Hacı müəllim, sizi sonuncu dəfə Xalq artisti Əliabbas Qədirovun yubiley gecəsində iştirak edərkən gördük. Demək ki, siz digər həmkarlarınızdan fərqli olaraq tədbirlərə qatılırsız.
– Bu cür tədbirlər lazımdır, həyat pandemiyaya görə dayanmamalıdır. Həyat davam etməlidir, inkişaf da olmalıdır, tərəqqi də. Pandemiya həyatın sonu demək deyil. Ona görə də sağ olsun Teatr muzeyinin kollektivi Əliabbas Qədirovun yubileyini məhdud sayda insanla da olsa qeyd etdi. Biz bu tədbiri qeyd etməyə bilməzdik. Yavaş-yavaş tədricən bu cür tədbirləri keçirmək lazımdır.
– Hacı müəllim, siz həm də Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinisiz. Sizin kollektiv də bir sıra sənətçilərimizin yubiley və xatirə gecələrini təşkil edir. Qarşıda hansı tədbirlər var?
– Bizim əslində planlarımız çoxdur. Keçən il Milli Teatr gününü qeyd etmək istəyirdik, amma bütün teatrlar pandemiyaya görə bağlandı. Biz teatr xadimlərinə “Sənətkar” medalı, fəxri fərmanlar və digər mükafatlar təqdim edəcəkdik. Amma təəssüf ki, bütün bunların hamısı qaldı. Bu il də biz 10 mart Milli Teatr gününü qeyd etməkdə çətinlik çəkirik. Təbii ki, qeyd edəcəyik, amma necə və hansı tərkibdə olacaq bax bunu hələ ki, bilmirik.
– Dünya ölkələrində aktyorlar və tamaşaçılar məsafəli şəkildə ünsiyyət saxlamaq şərtilə bir çox teatrlar artıq fəaliyyətini bərpa edib. Bizdə niyə bu prosses ləngiyir?
– Xeyr, ləngimir. Bu dövlətin qanunlarıdır və biz qanunlara riayyət etməliyik. Pandemiyaya ilə mübarizə aparmalıyıq, bunu başlı-başına buraxmaq olmaz. Sağ olsun dövlətimiz vaxtında qəti qərarlar qəbul etdi, ona görə də yoluxan və dünyasını dəyişənlərin sayı azdır. Mən hesab edirəm ki, dövlətimiz düz qərar qəbul edir və bu lazımdır. Bu bir bəladır ki, insanların başına gəlib. Dövlətimiz nə deyirsə o cür də hərəkət etməliyik.
– Amma teatr üçün siz də darıxmısız.
– Təbii! Teatr üçün elə darıxmışıq ki, bu saat ürəyi gedənlər var (gülür). Bizim sənətimiz səhnədir, tamaşaçıdır. Biz tamaşa oynaya bilərik, amma zalda tamaşaçı olmasa bu nəyə lazımdır? Biz tamaşaçıların, xalqın münasibəti, məhəbbəti ilə yaşayırıq. Yoxsa biz çoxdan bu dünyadan köçmüşdük. Bizim bir arzumuz var ki, teatra qayıdaq. Biz teatrsız nəfəs ala bilmərik.
– Pandemiyadan əvvəl sənətçilər şikayət edirdi ki, teatra tamaşaçı gəlmir. Teatrda maraqlı tamaşa olsa tamaşaçı izləməyə gəlməz?
– Teatrdan teatra fərq var. Akademik Milli Dram Teatrı teatrların avanqardıdır, qabaqcılıdır. Bizim teatrda tamaşaçı sayı az deyil, tam əksinə. Bizdə axı tamaşaçı problemi yoxdur. Ciddi mövzulu əsərlərə baxmaq üçün sırf bizim teatra gəlirlər, digər teatrlara getmirlər. Bizdə tamaşaçıların tamaşadan sonra getmək problemi var, getmirlər, ayaq üstə alqışlayırlar (gülür). Bu da istəkdir, sevgidir.
Gununsesi.info