Böyük Britaniyanın qalmaqallı yeni “Dəmir ledi”si… - FOTOLAR

  • By admin
  • 06 Sentyabr 2022 14:01

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının yeni lideri və ölkənin Baş naziri seçilib. Bununla da, Liz Trass sentyabrın 6-sı Boris Consonu Baş nazir postunda əvəzləyəcək və hökumətin yeni tərkibini təyin edəcək.

Gununsesi.info-nun xəbərinə görə, Liz Trass yeni vəzifəyə seçildikdən sonra siyasi mövqeyi və şəxsi həyatı ilə gündəmə gəlib.

Elizabet Trass 1975-ci ilin iyulun 26-sı Oksfordda dünyaya gəlib. Onun atası Lids universitetində riyaziyyat müəllimi, anası isə tibb bacısı olaraq çalışıb. Bununla yanaşı, Trassın anası nüvə tərksilahı ilə bağlı yerli hərəkata başçılıq edib. Britaniyalı siyasətçi öz valideynlərini “sol fəallar” olaraq təsvir edirdi. Trass erkən yaşlarından valideynləri ilə mitinqlərdə iştirak edib və bu da onun gənc yaşda siyasi baxışlarına təsir edib.

Trassın 4 yaşı olduqda ailəsi Oksforddan Şotlandiyada yerləşən Peysli şəhərinə köçüb və o, burada məktəbə gedib. Bununla belə, Trass ailəsinin köçməsi səbəbindən 1 il Kanadada təhsil alıb.

O, təhsilini başa vurduqdan sonra Oksford universitetinin Merton kollecinə daxil olub və burada fəlsəfə, siyasət, iqtisadiyyat üzrə təhsil almaqla yanaşı, fəal olaraq siyasi fəaliyyətlə məşğul olub. Trass burada Oksford universitetinin liberal-demokratlarına başçılıq edib və “Gənc liberallar”ın icraiyyə komitəsinin üzvü olub.

O, 1994-cü ildə partiyanın konfransında qalmaqallı açıqlama verərək monarxiyanın ləğvinə dair çağırış edib. Trass bu qalmaqallı açıqlamasından təqribən 30 il sonra öz sözlərindən peşman olduğunu bildirib və onları səhv adlandırıb. 

Öz siyasi karyerasına liberal dairələrdə uğurla başlamasına baxmayaraq, Trass Oksford universitetini mühafizəkarların tərəfdarı olaraq bitirib. Belə ki, o, qalmaqallı açıqlamasından 2 il sonra, yəni 1996-cı ildə Torilər partiyasına qoşulub.

L. Trass müxtəlif vəzifələrdə çalışmasına baxmayaraq, siyasi arenadan çox da uzaqlaşmamağa çalışıb. Beləliklə, o, 2006-cı ildə Londonun Qrinviç bölgəsinin şurasına daxil ola və özünü tanıda bilib. Gənc siyasətçinin uğurları Devid Kemeronun hökumətinin də diqqətini çəkib və o, 2010-cu ildə parlament seçkilərində mühafizəkarlardan ibarət prioritet siyahıya daxil edilib. Bu zaman Trass evli siyasətçi Mark Field ilə yaşadığı sevgi münasibətlərinə görə qalmaqala baxmayaraq, İcmalar Palatasında öz yerini sığortalayıb.

İlk olaraq Kemeron, daha sonra Tereze Mey hökumətində çalışan Trassın siyasi baxışları bir neçə dəfə dəyişib. Belə ki, Kemeron hökumətində “Brexit” ilə ilə bağlı səsvermədən əvvəl 47 yaşlı siyasətçi Avropa İttifaqında üzvlükdən yana olub, lakin 2016-cı ildə referendumdan sonra Trass “Brexit”i dəstəkləməyə başlayıb.

Bununla belə, Liz Trass 2019-cu ildə daxil olduğu Boris Conson hökumətində xarici işlər naziri olaraq populyarlıq qazanıb.

Dünya mediası xarici səfərlər zamanı Trassın Böyük Britaniya tarixində yeganə qadın Baş nazir olmuş Marqaret Tetçer ilə oxşarlıqlarına diqqət yetirməyə başlayıblar. KİV, hətta onu öz geyim tərzinə görə yeni “dəmir ledi” adlandırmağa da başlayıb.

Belə ki, Trass 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı xəz papaq və paltodan istifadə edib və bununla da Tetçerin 1987-ci ildə Moskvaya səfəri zamanı üstünlük verdiyi geyimi xatırladıb. Bununla yanaşı, Trassın 2021-ci ildə Estoniyaya tankda etdiyi səfəri də Tetçerin 1987-ci ildə Qərbi Almaniyaya etdiyi səfərlər oxşar olub.

Liz Trassın şəxsi həyatına gəldikdə isə, siyasətçi 2000-ci ildə mühasib Hugh O’Leary ilə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən Frances və Liberty adlı iki qızları var. Britaniyanın Baş naziri ailə həyatını mediadan mümkün qədər gizli yaşamağa üstünlük verir.





Gununsesi.info