Bu gün Müəllim Günüdür

  • Müəllif: admin
  • 05 Oktyabr 2016 08:50

mul

Bu gün Azərbaycanda “Müəllim Günü”dür. Bu gün o təbəqənin bayramıdır ki, onların işi-peşəsi ölkənin gələcəyi olan gənc nəsli savadlandırmaqdan, tərbiyə etməkdən ibarətdir.

Gununsesi.info  bu ağır və məsuliyyətli işi çiyinlərində  daşıyan  müqəddəs peşə sahibləri ilə bağlı bəzi statistik məlumatları oxucuların diqqətinə çatdırır.

Hazırda son statistikaya görə, ölkədə 4546 təhsil müəssisəsində 1 milyon 700 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 166 min 764 nəfər pedaqoji işçi məşğul olur.

Ucqar rayonlardakı dağ kəndlərində problemlərin aradan qaldırılması üçün dövlət və aidiyyəti qurumlar tərəfindən davamlı olaraq tədbirlər həyata keçirilir. Bu problemin həlli ilə əlaqədar müəllimlərin attestasiya yolu ilə işə qəbulu, habelə ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi, ilk növbədə, ehtiyac duyulan məktəblərdə işsiz müəllimlərin sevib-seçdikləri ixtisas üzrə işlə təmin olunmaları, şəffaflığın, təlim və tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Boş yerlərə göndərilən müəllimlərə həm də dövlət tərəfindən müəyyən güzəştlər edilir.

Son illər müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində digər tədbirlər də həyata keçirilmişdir. Bu prosesdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, o cümlədən Britaniya Şurası, UNISEF və digər qurumlarla Təhsil Nazirliyinin əməkdaşlığı faydalı olub

Statistik hesablamalara əsasən, hazırda Azərbaycanın dövlət sektorunda ən aşağı əməkhaqqı alan məhz müəllimlərdir.

Qeyd edək ki, “Müəllim günü” ilə əlaqədar prezidenti İlham Əliyev dünən təhsil işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 100-dən çox müəllim fəxri mükafatlarla təltif ediliblər.

Xatırladaq ki, 1994-cü ildən  oktyabrın 5-i  UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib.

Bu tarix BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə də daxildir.

Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Azərbaycanda Müəllimlər günü 1993-cü ildən qeyd olunur.

Gülnaz Qənbərli

Gununsesi.info