Buranı qorumasaq, AYB-ni otaq-otaq satacaqdırlar - ANAR SƏDRLİKDƏN GETMƏMƏSİNİN SƏBƏBLƏRİNİ AÇIQLAYIR

  • By admin
  • 13 Avqust 2021 14:26

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın APA-ya müsahibə verib.

Gununsesi.info həmin müsahibənin maraqlı hissələrini təqdim edir:

– Azərbaycan cəmiyyətində bu gün Təhminə kimi azad qadınların sayı çoxdur?

– Bu yaxınlarda da demişdim: Həyatda elə qadınlar var ki, Təhminə onların yanında rahibədir.

– Feminizmə münasibətiniz necədir?

– Hər şeyin dərəcəsində olmağının tərəfdarıyam: qadınların hüquqları qorunsun, onlar aşağılanmasın, əməklərinə qiymət verilsin, ancaq feminizmi fetişləşdirməyin tərəfdarı deyiləm. “Qadındırsa, mütləq irəli çəkilməlidir”, – fikri ilə də razı deyiləm. İnsana əməyinə görə qiymət verilməlidir. Məncə, feminizmdə biraz ifrat var. İfrat da həqiqətdən uzaq olur.

– Anar niyə AYB sədrliyindən getmir?

– Deyirlər ki, Anar əvəzedilməz adam deyil. Onlarla razıyam. Ancaq siz 32 ildir mənim əvəzimi axtarırsınız, tapmırsınız. Çünki birinin istədiyini o biri qrup istəmir. Ona görə də deyirlər, “qoy, elə Anar qalsın”. Yazıçılar Birliyinin 2000 üzvü var. Onlardan 1900-ü mənim tərəfimdədir. Düz 4 qurultayda yekdilliklə sədr seçilmişəm. Əleyhimə kimlərinsə olması təbiidir. Çünki təmənnaları var. Biri ad, biri mükafat, biri təqaüd istəyir… Hərdən cavanları da çaşdırırlar. Ancaq mən sevinirəm ki, gec-tez cavanlar da ayılırlar. Bir vaxt deyirdilər ki, biz bayrağımızı AYB-yə sancacağıq, Anarı avtomatla oradan çıxaracağıq. Biz qoymadıq ki, Yazıçılar Birliyi dağılsın. Gərək buna görə minnətdar olsunlar. Buranı qorumasaydıq, onlar AYB-ni otaq-otaq satacaqdılar. Elə davaları da o idi ki, gələk buranı dağıdaq, sataq.

– Növbəti qurultayda da namizədliyinizi verəcəksinizmi?

– Bəli, verəcəyəm.

– Yorulmamısınız?

– Hərdən düşünürəm ki, bəlkə də mən başqa yolla getməliydim. Beləcə çoxlu pulum, sərvətim olardı, keflə yaşayardım. Mənsə yüzlərlə yazıçının qayğısını, nazını çəkməli oldum. Bütün həyatım zəhmətlə keçib. 32 ildir AYB-də nə əziyyət çəkirəm, bir Allah bilir. Mən inanıram ki, Allah var, o bunları görür. Mən Allaha uşaqlıqdan, həmişə inanmışam.

Gununsesi.info