“Bütün Azərbaycan xalqı birlik göstərir”  - Ali Baş Komandan

  • By admin
  • 02 Noyabr 2020 15:23

“Bu günlərdə bütün Azərbaycan xalqı birlik göstərir və bütün Azərbaycan xalqı dünyada bu məsələyə, bu müharibəyə münasibəti çox böyük həssaslıqla izləyir. Bu da başadüşüləndir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman deyib.

“Çünki 30 il ərzində bizim torpaqlarımız işğal altında idi və beynəlxalq vasitəçilərin səyləri heç bir səmərə verməmişdir. Sadəcə olaraq, vaxtı uzatmaq, münaqişəni dondurmaq və işğalı əbədi etmək istiqamətində atılan addımları biz görürdük və Azərbaycan xalqı görürdü. Ona görə, bu son bir ay ərzində dünyada bu məsələ ilə bağlı səslənən hər bir fikrə, hər bir mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır və ilk günlərdən bizim qardaş ölkələrimizdən bu dəstəyi görüncə əlbəttə ki, biz daha da ruhlandıq. Bu, bizə daha da böyük mənəvi güc verdi və bir daha gördük ki, bizim birliyimiz sözdə deyil, əməldədir. Sizin bu gün burada olmağınız bunu bir daha göstərir. Siz də Rifat bəy, qeyd etdiyiniz kimi, bir il bundan öncə Bakıda Türk Şurasının toplantısının keçirilməsi çox əlamətdar hadisə idi. Biz məhz bu məsələlərlə bağlı fikirlərimizi bildirmişdik ki, biz bir yerdə olmalıyıq, bütün məsələlərdə bir-birimizi dəstəkləmələyik. Hər zaman əgər kimsə çətin vəziyyətə düşərsə, mənəvi dəstək göstərilməlidir və bunu biz görürük. Ona görə sizin bugünkü toplantınıza mən xüsusi önəm verirəm. Əminəm ki, bütün Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcəkdir”, – deyə Prezident əlavə edib.

Gununsesi.info