Daha hansı rayonlar ləğv ediləcək? - Komitə sədrindən AÇIQLAMA

  • By admin
  • 14 Fevral 2022 11:59

Milli Məclisin plenar iclasında “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na təklif edilən dəyişikliklər müzakirə olunacaq.

Layihəyə görə, şəhərin tərkibindəki Kəpəz və Nizami rayonlarının ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılması təklif olunur. Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə, ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkəndə, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir.

Gəncənin rayonlarının ləğvi digər kiçik, əhalisi az olan rayonların ləğvi məsələsini də gündəmə gətirib. Belə ki, mətbuatda və sosial mediada çıxış edən ekspertlər, ictimaiyyət nümayəndələri inzibati ərazi bölgüsü ilə bağlı başladılmış islahatların davam etdirilməsinin tərəfdarıdırlar.

Mövzu haqqında Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev də inzibati islahatların davam etdirilməsini dəstəkləyir. Komitə sədri deyib ki, Gəncənin inzibati ərazi bölgüsündə dəyişiklik edilməsi, Nizami və Kəpəz rayonlarının birləşdirilməsi barədə addım atıldısa, proses davam edəcək:
“Gələcəkdə digər kiçik rayonların birləşdirilməsi də müzakirə oluna bilər. Məsələn, Naxçıvanda elə rayonlar var ki, cəmi 15 min əhaliyə malikdir, şəhərin ətrafındadır, fəaliyyəti bir o qədər səmərəli deyil. Bakının, Naxçıvanın və digər şəhərlərin tərkibindəki kiçik rayonların birləşdirilməsi daha məqbuldur. Ancaq bu dövlət rəhbərinin səlahiyyətinə aiddir. İki rayonun ləğvi göstərir ki, gələcəkdə bu proses davam edəcək.

Biz Milli Məclis olaraq uzun müddət öncədən bu barədə təkliflər səsləndirmişdik. Xırda təsərrüfatlar irilərə birləşdirilməli, kiçik bələdiyyələr vahidləşdirilməli, mərkəzləşmiş xüsusi strukturlar təsis edilməlidir. Bələdiyyələrlə bağlı islahat dövründə addım atıldı, kiçik bələdiyyələr ləğv edildi, irilərə birləşdirildi. Bu, ölkə başçısının da istəyi idi. İdarəetmədə islahatlar gedirsə, inzibati ərazi bölgülərinə aid ediləcək”.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi rayonların yaradıldığını, prezidentin xüsusi nümayəndəsi təsisatının fəaliyyətə başladığını xatırladaq deputatın fikrincə, bu sistem bütün ölkə ərazisinə aid edilməlidir:

“İqtisadi rayonların idarəsinə səlahiyyətli nümayəndələr təyin edilir. Prezidentin xüsusi nümayəndələri yerlərdə bir neçə rayonun idarəçiliyini üzərinə götürür və daha aktiv fəaliyyətin şahidi oluruq. Proseslər göstərir ki, digər rayonlarla bağlı da istiqamət buna gedir. Bir neçə rayon birləşdirilib, vahid idarəçilik yaradıla bilər. Beləliklə, yaradılan yeni iqtisadi rayonlara prezidentin xüsusi nümayəndəsi təyin edilib, operativ orqan kimi öz fəaliyyətini davam etdirməlidir”.

Gununsesi.info