“Dedilər bizi bələdçilər satıb, amma onlardan biri qardaşım idi, döyüşdə şəhid oldu…”

  • By admin
  • 25 Yanvar 2021 22:15
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 29 il ötür.
Gununsesi.info bildirir ki, Moderator.az-a açıqlamasında Şuşa könüllü ərazi özünümüdafiə batalyonunun-816 saylı hərbi birləşmənin döyüşçüsü, “Daşaltı əməliyyatı”nın iştirakçısı Cahid Ələkbərov uğursuz əməliyyatın səbəbini açıqlayıb:
“Daşaltı əməliyyatı” plansız şəkildə həyata keçirildi. Bunun səbəbkəri təbii ki, keçmiş müdafiə naziri Tacəddin Mehdiyevdir. Əməliyyat planını da o hazırlamışdı. Daha sonra isə bildirdilər ki, guya bizi bələdçilər satıb. Bələdçinin biri elə mənim qardaşım Zahid Ələkbərov idi, döyüşdə şəhid oldu. Zahid durub orda mən qardaşını düşmənə satacaqdı? Əgər bunun səbəbini bilmək istəyirlərsə, getsinlər T.Mehdiyevdən hər şeyi soruşsunlar”.
Keçmiş döyüşçü Vətən müharibəsində də 25 gün cəbhədə olduğunu bildirib:
“Mən Şuşa şəhərində anadan olmuşam. Həmişə arzulayırdım ki, doğma yerimi görməyi Allah mənə qismət eləsin. Şükür Allaha torpaqlarımız işğaldan azad edildi. Bir saat da olsa, Şuşanı görməyə hazıram, amma hələ ki, müəyyən səbəblərə görə o yerlərə getməyə icazə verilmir. İnanıram ki, öz yurd-yuvamıza qayıdacağıq. Vətən müharibəsində Murovdağ, Ağdərə və Goranboy istiqamətində 90 nəfər keçmiş döyüşçülər 25 gün əsgərlərimizin yanında olduq. Onları döyüşə ruhlandırırdıq. Əsas işimiz bundan ibarət idi”.

Gununsesi.info