Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi 17 maddədən ibarətdir və bölgədə ədalətli, dayanıqlı sülhün təmin olunmasını hədəfləyir.
Sənəd, Azərbaycanın irəli sürdüyü beş əsas prinsip əsasında hazırlanmışdır.
Bu saziş regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına zəmin yaradır.
Gununsesi.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, münasibətlərin pozitiv inkişaf dinamikası müşahidə olunarsa, diplomatik münasibətlərin qurulması da mümkün olacaqdır:
“Diplomatik əlaqələr isə Vyana Konvensiyasının tələblərinə uyğun şəkildə, qarşılıqlı təhlükəsizliyin təmin edilməsi prinsipləri əsasında həyata keçiriləcəkdir. Bu, tərəflər arasında etimad mühitinin formalaşması və uzunmüddətli əməkdaşlığın bünövrəsinin qoyulması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün bu məsələlər, əlbəttə ki, Azərbaycanın diktə etdiyi şərtlər çərçivəsində mümkün olmuşdur. Bu şərtlər həm regionda ədalətli balansı qorumağa, həm də Azərbaycanın əldə etdiyi strateji üstünlükləri möhkəmləndirməyə xidmət edir. Siyasi iradə və qətiyyətli mövqe sayəsində Azərbaycan, bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşmasında aparıcı tərəf olaraq qalır.”
Sülh müqaviləsinin imzalanması prosesinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan politoloq qeyd edib ki, bu sənəd regionda uzunmüddətli sabitliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin təminatçısı ola bilər.
“Bunun üçün isə Ermənistan öz “ev tapşırığını” tam şəkildə yerinə yetirməli, üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməlidir”-deyə İlyas Hüseynov əlavə edib.
Şəbnəm Rəhimova












