Dövlət müharibə ehtiyacları üçün vətəndaşların əmlakını hansı qanunla götürə bilər?

  • By admin
  • 22 Sentyabr 2020 19:34

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, yarı yük, yarı minik avtomobili olan PKP-ları vətəndaşlardan dövlət ehtiyacları üçün götürürlər. Bu yöndə yayılan  məlumatların nə qədər səhih olduğunu deyə bilmərik. Amma dünya təcrübəsində belə hallara rast gəlinir ki, dövlətin müharibə zamanı vətəndaşlara aid olan mülkiyyətləri, evləri, ofisləri avtomobilləri, silahları və sairi hərbi ehtiyaclar üçün götürmək səlahiyyəti var və bu hüquqa malikdir, bunun qanuni əsası var.

Bunun qanunla tənzimlənməsi hansı mexanizmlə olmalıdır və olur? Dövlət hansı hallarda vətəndaşların əmlakını müharibə ehtiyacları üçün səfərbərliyə almaq hüququna, imkanına malikdir və hansı qanunla?

Gununsesi.info-nun xəbərinə görə, ekspertlər baki-xeber.com-la söhbətlərində bildirdilər ki, ümumiyyətlə, bu gün Azərbaycan Ordusu lazımi texnika, resurslar, müxtəlif cür avtomobillərlə tam təzhiz olunub, bu səbəbdən də sosial şəbəkələrdə yayılan məlumatların əsası olmaya bilər. Amma, bütün hallarda, bu, tələb olunarsa, Azərbaycan vətəndaşları dövlətin bu çağırışlarına ürəkdən yanaşmalıdırlar. İndiyə qədər öz canını, həyatını dövlətin ərazi bütövlüyü uğrunda fəda edən insanların saysız olduğunu deyən ekspertlər hesab edirlər ki, belə bir ehtiyac olarsa, Azərbaycan vətəndaşları heç bir tərəddüd etmədən öz mülkiyyətlərində olan obyektləri də, avtomobilləri də dövlətin ixtiyarına verməkdən çəkinməməlidirlər. Bütün müharibələr zamanı ayrı-ayrı ölkələrdə müharibə ehtiyacları üçün dövlət vətəndaşların mülkiyyətində olan obyektləri, silahları, maşınları əvəzini ödəməklə alıb, vətəndaşı başqa bir yerdə evlə, yaşayışla təmin edib.

Əziz Qəmbərov: “Əsas qanunumuzun tələblərindən belə aydın olur ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi…”

Azərbaycana gəlincə, ekspertlərin fikrincə, bizim mövcud qanunvericilikdə bu məsələ ilə bağlı mexanizm var. Amma bunun bizim üçün hüquqi tərəfdən daha çox mənəvi məsələ olduğunu deyən tanınmış hüquqşünas Əziz Qəmbərov bildirdi ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. O hesab edir ki, bu məsələ qanunvericiliklə tənzimlənməmiş olsa da belə, vətəndaşlar dövlət ehtiyacları üçün öz malını-mülkünü əsirgəməməlidirlər. “Sualınızın cavabını iki aspektdən cavablandıracam. Həm maddi, həm də mənəvi aspektlərdən. Bildirirəm ki, dövlət və vətəndaşın mülki, siyasi və sair hüquqi münasibətlərini tənzimləyən ölkəmizin əsas qanunu olan Konstitusiyamız var. Həmin Konstitusiyamızın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə də Konstitusiyamızın 25-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ var. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. Əsas qanunumuzun tələblərindən belə aydın olur ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi yalnız onun dəyəri qabaqcadan ədalətli şəkildə ödənildikdən sonra mümkündür. Bu baxımdan, hər bir vətəndaşın mülkiyyəti dövlətin güvəncəsi altındadır. Azərbaycan xalqının bununla bağlı keçən əsrin 90-cı illərində acı təcrübəsi olduğu üçün, hazırkı vəziyyətdə insanlar narahatdırlar. Ancaq hesab edirəm ki, narahatlığa heç bir əsas yoxdur. Belə bir şərait yaranarsa, mülkiyyətçinin hüquqları qanunla qorunacaq. Hesab edirəm ki, bu şəraitdə bunu ajiotaja çevirməyə maraqlı olan qüvvələr var. Ancaq bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, belə bir vəziyyətdə, müharibənin başlanıb-başlanmaması sual altında olduğu bir məqamda dövlət orqanlarının əməkdaşlarının sui-istifadə hallarına yol verməməsi üçün dövlətin hüquq-mühafizə orqanları ayıq-sayıq olmalıdırlar. Bununla bağlı zərurət yaranarsa, konkret iş planı və normativ baza yaradılmalıdır”.

Məsələnin mənəvi tərəfinə izah verən Ə.Qəmbərov qeyd etdi ki, bu gün hər birimiz torpaqlarımızın işğaldan azad olunması üçün canımızı qurban verməyə hazır olduğumuzu bəyan ediriksə, ancaq malımızı bu yolda əsirgəyiriksə, deməli, biz vətənin müdafiəsində səmimi deyilik. “Hesab edirəm ki, vətəndaşlarımızın narahat olduğu məqam mülkiyyətlərinin ordu üçün yığılmasında deyil. Əsas narahatlıq bu məsələdən sui-istifadə edərək, rüşvətxorluq və korrupsiyaya şərait yaradılmasındadır. Ona görə bir daha qeyd edirəm ki, bu məsələdə dövlət maksimum şəkildə tədbirli olmalıdır. Belə bir məqamda vətəndaşı dövlətdən narazı salmaq düşmən mənafeyinə xidmətdir” – deyə hüquqşünas bildirdi.

Akif Nağı: “İnanmıram ki, Azərbaycan dövlətinin, ordusunun vətəndaşların maşınına, mülkünə ehtiyacı olsun”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının fikrincə, bu məlumatın əsası yoxdur. A.Nağının sözlərinə görə, müharibə şəraitində bu cür təxribatçı fikirlər yayan maraqlı qüvvələr var. “Biz hələ müharibə ərəfəsindəyik, prosesin nə zaman müharibəyə çevriləcəyi hələ məlum deyil. Amma ölkədə hərtərəfli hazırlıq işləri gedir. Təbii ki, düşmən də rahat durmur, düşmənin təxribat mərkəzləri müəyyən məsələləri düşünürlər, müəyyən şayiələr hazırlayıb sosial şəbəkələrə ixrac edirlər. “Azərbaycanda da həmin mərkəzlərə xidmət edən müəyyən adamlar var. Amma bəzi insanlar bu məlumatın mahiyyətinə varmadan onları yayırlar, bəziləri əsassız olaraq təlaşa düşürlər. PKP maşınlarının yığılması ilə bağlı məsələyə gəlincə, inanmıram ki, Azərbaycan dövlətinin, ordusunun vətəndaşların maşınına, mülkünə ehtiyacı olsun, çünki bizim ordu hərtərəfli şəkildə təchiz olunub, ordumuzun hər şeyi var. Hesab edirəm ki, o maşınların yığılmasına da ehtiyac qətiyyən olmayacaq. Amma, digər tərəfdən, müharibə ehtiyacları üçün maşınların yığılmasına ehtiyac yaranarsa, hər bir vətəndaş könüllü şəkildə öz vətəndaşlıq borcunu yerinə yetirərək, o prosesdə iştirak etməlidir. Hər kəs deyir ki, canımız Vətənə qurban, şəhid olmağa hazırıq. Bu mənada, müəyyən məqamlarda insanlar malından-mülkündən keçməyi də bacarmalıdırlar. Bu müharibə ağır, çətin müharibə olacaq, hər bir vətəndaşın bu müharibədə iştirakı vacibdir. Kimisi canı, kimisə də malı ilə iştirak etməlidir. Dinimizdə də cihad məsələsi var – kimisi canı, kimisi də mal-mülkü ilə cihada gedir. Bu, müqəddəs bir savaş olacaq, burada heç kəs heç nəyi əsirgəməməlidir. Ancaq yenə də deyirəm ki, Azərbaycan Ordusunun vətəndaşın maşınını toplamağa qətiyyən ehtiyacı yoxdur. Burada başqa məsələ var. Bu da şayiələrlə bağlıdır. Ölkədə qarışıqlıq, anlaşılmazlıq, hakimiyyətə, orduya inamsızlıq yaratmaq üçün bundan da pis, vətəndaşın təşvişinə səbəb olan şayiələr yayıla bilər. İndi elədir ki, sosial şəbəkələrin imkanları genişdir, kimlərsə orada nəsə deyir, o da yayılmağa başlayır, buna da müxtəlif reaksiya verilir. Hər kəs bu məsələdə ehtiyatlı olmalıdır. Sosial şəbəkələrdəki yazılara da, fikirlərə də hər kəs diqqətli yanaşmalıdır, insanlarımız düşünməlidirlər ki, atdığı addım, etdiyi hərəkət bizim ümumi işimizə, dövlətin maraqlarına, torpaqlarımızın işğaldan azad edilməsi maraqlarına xidmət edir, yoxsa yox. Bu mövqedən yanaşılmalıdır”.

A.Nağı qeyd etdi ki, həm media, həm ictimai-siyasi təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar bu cür təxribatların qarşısını almaq üçün qüvvələrini səfərbər etməlidirlər. Onun fikrincə, Azərbaycan Respublikasının səfərbərlik və səfərbərliyə hazırlıqla bağlı qanununda da göstərilir ki, müharibə, səfərbərlik şəraitində hər bir vətəndaşın, hər bir təşkilatın üzərinə məsuliyyət düşür və hər kəs də öz məsuliyyətini dərk edərək bu prosesdə iştirak etməlidir.

 

 

Gununsesi.info