“Dövlətin iqtisadi rolu rəqəmsal dövrdə yeni mərhələyə keçir” -DEPUTAT

“Yeni şəraitdə dövlətin iqtisadi rolu yalnız maliyyə və sənaye siyasəti ilə məhdudlaşmır. Rəqəmsallaşma dövlətin fəaliyyətini keyfiyyətcə dəyişir”.

Gununsesi.info  bildirir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib:

“Dövlət xidmətlərinin vahid platformalarda birləşdirilməsi, məlumat əsaslı qərarvermə və əməliyyat xərclərinin azaldılması yeni idarəetmə modelini formalaşdırır. Bu modeldə dövlət həm tənzimləyici, həm də əməkdaşlıq mühiti yaradan qurum kimi çıxış edir.

Yeni iqtisadi modeldə əsas prinsip qarşıdurma deyil, əməkdaşlıqdır. Dövlət qaydaları və strateji istiqaməti müəyyən edir, özəl sektor yenilik və çeviklik təmin edir, maliyyə qurumları isə resursların səmərəli bölüşdürülməsinə kömək edir. Bu yanaşma idarə olunan bazar iqtisadiyyatı kimi xarakterizə olunur.

Azərbaycan üçün imkanlar

Azərbaycan üçün bu dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. Resurslara malik olan və mühüm nəqliyyat yollarının üzərində yerləşən ölkə üçün əsas istiqamətlər bunlardır:

  1. a) Qeyri-neft sahəsində dövlətin təşviqedici rolu
    Sənaye zonaları, aqroparklar və ixrac təşviqləri vasitəsilə özəl sektorun inkişaf imkanlarının genişləndirilməsi
  2. b) Rəqəmsal iqtisadiyyatın inkişafı
    Dövlət xidmətlərinin birləşdirilməsi və idarəetmədə məlumatdan istifadə ilə səmərəliliyin artırılması
  3. c) Enerji sahəsində dəyişiklik
    Yaşıl enerji və enerji saxlanması sahələrinə dövlət dəstəyi ilə gələcək tələbatın qarşılanması
  4. d) Logistika və tranzit imkanları
    Orta dəhliz və regional layihələrdə fəal dövlət iştirakı ilə ixrac imkanlarının genişləndirilməsi

Yeni dünyada dövlət iqtisadiyyatdan geri çəkilmir, əksinə onun rolu daha strateji xarakter alır. Dövlət artıq yalnız qaydaları müəyyən edən deyil, həm də inkişaf istiqamətini formalaşdıran əsas tərəflərdən biridir. Əsas məsələ dövlətin iqtisadiyyatda olub-olmaması deyil, necə fəaliyyət göstərməsidir. Çevik, rəqəmsal və əməkdaşlığa açıq dövlət modeli yeni qlobal iqtisadi mühitdə üstünlük qazandırır”.

 

 

Afət

Gununsesi.info