Dünya liderləri İlham Əliyevi təbrik edirlər -YENİLƏNDİ

  • By admin
  • 26 May 2023 13:56

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Gununsesi.info xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, dost Azərbaycan Respublikasının xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

13:21

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə yunan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə inandığımı bildirirəm. Ümidvaram ki, Yunanıstan ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq geniş regionumuzun inkişafına və sabitliyinə töhfə verərək, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəkdir.

Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

12:22

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

“Sizə və Sizin simanızda dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Ötən ilin sentyabrında Səmərqənd şəhərində bizim görüşümüz əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsini və ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını görmək məni sevindirir.

Cənab Prezident, Siz Çin-Azərbaycan münasibətlərinin strateji dəyərini dəfələrlə vurğulamısınız, ölkələrimiz arasında qarşılılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. Mən bunu yüksək qiymətləndirirəm. İkitərəfli dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının sağlam və sabit məcraya istiqamətləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana tərəqqi, güc, qüdrət, onun xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram”.

11:14

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident, 26 May – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca amillərdəndir.

Bu gün ölkələrimizin rifahına və regionumuzun çiçəklənməsinə xidmət edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkanlar var.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə Azərbaycan-Gürcüstan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da genişlənməsinə nail olacağıq.

Belə bir əlamətdar bayramda Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Gununsesi.info