
EQ (Emotional İntelligence -red) olaraq adlandırılan emosional zəka, insanın öz duyğularını, eləcə də başqalarının emosiyalarını müşahidə etmək və anlamaq qabiliyyəti kimi müəyyən edilir. Alimlər emosional zəkanı artıran dörd üsul olduğunu irəli sürüblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu il dərc olunan məqalədə Corciya Texnologiya İnstitutundan Evonne Iau və Paul Verhaeghen emosional zəkanın öyrədilə bilən bir bacarıq olduğunu vurğulayıblar.
Harvard Biznes Məktəbinə görə, emosional intellektin inkişafı üçün tətbiq edilməli olan dörd üsul var:
Gündəlik turmaq
Günün sonunda fikirlərinizi, davranışlarınızı və digər insanlar haqqında müşahidələrinizi qələmə alın.
Hansı məsələlərdə uğurlu oldunuz? Sizi qəzəbləndirən müəyyən insanlar və ya vəziyyətlər varmı və əgər belədirsə, niyə? Bu kimi suallara verəcəyiniz cavablar məlumatlılığınızı artıracaq və ani emosional partlayışların qarşısını alacaq.
Geri dönüş tələb edin
Ətrafınızdakı insanlara güclü və zəif tərəflərinizi şərh etməyə icazə verin. Bu, kor nöqtələrinizi üzə çıxarmağa kömək edə bilər.
Aktiv dinləyici olun
Psychology Todayə görə, insanların yalnız 10 faizi effektiv şəkildə dinləyir. Emosional intellektinizi yaxşılaşdırmaq üçün diqqətinizi natiqə yönəltməyə çalışın və başınızı tərpətməklə və ya göz təması quraraq ona qulaq asdığınızı hiss etdirin. Aktiv dinləmə sayəsində başqalarının zehni ilə əlaqə qurmağınız daha asan olur.
Hisslərinizi anlayın
Başqalarının duyğularını başa düşmək üçün ilk növbədə öz duyğularınızı başa düşməlisiniz. Güclü bir emosiya hiss etdiyiniz zaman, bunun nədən qaynaqlandığını düşünün, sizi tətikləyən amilləri nəzərdən qaçırmayın.
Günel Həsənova