Faşizm üzərində qələbədə Azərbaycanın misilsiz töhfəsi - Kamaləddin Qafarov

  • By admin
  • 08 May 2022 11:39

“İkinci Dünya müharibəsində faşizm üzərində qələbədən 77 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Xalqımız faşizm üzərində qələbə üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində ləyaqətlə vuruşublar, böyük qəhrəmanlıqlara imza atıblar. Müharibədə iştirak edən soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 123 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur”. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, faşist Almaniyasının SSRİ-yə hücumu və  bu ölkənin İkinci Dünya müharibəsinə cəlb edilməsi ilə Azərbaycanın yüzlərlə igid övladı da ölümsüzlüyə qovuşaraq adlarını tarixə yazdırdılar: “İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun,  İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun və  başqa həmvətənlərimizin adları postsovet məkanında yaxşı məlumdur. Brandenburq darvazası üzərində qələbə bayrağını polkovnik Rəşid Məcidov və döyüşçüləri dalğalandırıblar. Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak ediblər. Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşlar. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak ediblər. “Armed Mişel” (Xarqo) adı ilə tanınan  unudulmaz partizan  Əhmədiyyə Cəbrayılov  müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeninə və şəxsi igidliyinə görə paradda  generaldan qabaqda getmək hüququ verən hərbi medalla  təltif olunub. Azərbaycanın digər  igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv edib, 700 nəfər hərbi əsiri azad etmişdi. O, 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olub, 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.”

Kamaləddin Qafarov bildirib ki, xalqımız arxa cəbhədə də misilsiz  hünər göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz  fədakarlıqla çalışıb: “Ümummilli lider Heydər Əliyev İkinci Dünya  müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı nitqindədemişdi: “Bu qələbədə xalqımızın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycanın nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi… O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”.

K.Qafarov  bildirib ki, məhz Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Ulu öndər Heydər Əliyev tərəfindən  müharibə veteranlarına  göstərilən diqqət və qayğını  2003-cü ildən bəri Prezident İlham Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi Qələbənin ildönümü respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə  xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. İkinci Dünya müharibəsində  ön və arxa cəbhədə rəşadət göstərən şəxslərə və onların ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi Azərbaycanda bir ənənəyə çevrilib”.

Gununsesi.info