Gəncədə “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirilib -FOTO

Gəncədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin Vətən Müharibəsi zamanı Gəncə şəhərində törətdiyi terror hadisələrinin ikinci ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirilib. Konfrans Heydər Əliyev Mərkəzində gerçəkləşib.
Əvvəlcə qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə məruz qaldığı ərazini ziyarət ediblər. Burada onlara hadisə barədə məlumat verilib. Bildirilib ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 mülki şəxs həlak olub, 142 nəfər yaralanıb.
Sonra qonaqlar və iştirakçılar Heydər Əliyev Mərkəzində Gəncə terroru ilə bağlı yeniyetmə rəssamların rəsm sərgisi ilə tanış olublar.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, QHT-yə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, millət vəkilləri Musa Quliyev, Müşviq Cəfərov, Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Çexiya Gənclər Assossiyasının rəhbəri Radek Smolka, Finlandiyanın Fimigrant Ri təşkilatının rəhbəri İlkka Yuvankovski, Polşa Demokratlar Assosiyasının rəhbəri Adrian Pioçeta, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Konfrans şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən rəsmilər 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini bir daha göz önündə canlandırıb. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlər törədiblər.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Konfransın yekunu olaraq iştirakçılar adından bəyanat səsləndirilib.
Gununsesi.info